• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlər ölmürlər

Şəhidlərimizi tanıyaq-----------------------------------------


Şəhidlər ölmürlər
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların üzərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Bu, hər bir vətəndaşın ən ümdə borcu olmalıdır.

Bu gün Ermənistanla 168 km sərhəddi olan və torpaqlarının azadlığı uğrunda 285 şəhid vermiş Qazax rayonunda şəhidlərə və onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir. 7 nəfər Milli Qəhrəmanı olan Qazaxda Vətən sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Bu gün rayonda bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.

Vətən uğrunda canlarından keçmiş oğul və qızlarımızın doğum və anım günlərinin qeyd olunması isə bu istiqamətdə görülən işlərin ən birincisidir. Qazaxda şəhidlərin əziz xatirələrinin yad olunması isə artıq bir ənənə halını alıb.

Bu gün də Vətən uğrunda canından keçmiş 3 şəhidin – Əli Əhmədovun, Mahmud Mahmudovun doğum, Nəsir Yusifovun isə anım günüdür.

GOYEZEN.AZ saytı olaraq biz də həmin şəhidlərimizin ruhunu yad etmək və sizlərə tanıtmaq istədik.

Əhmədov Əli Əlövsət oğlu


Şəhidlər ölmürlər
Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Sonra isə 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş, Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala və Böyük Cəfərlinin müdafiəsi uğurunda gedən döyüşlərdə o, mərdliklə iştirak etmişdir. 1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbi onun adına verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.

Mahmudov Mahmud Abdulla oğlu


Şəhidlər ölmürlər
Mahmudov Mahmud Abdulla oğlu 23 iyul 1971-ci ildə Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Milli Orduya xidmətə çağırılmışdır. 15 iyun 1993-cü ildə Məzəm kəndində gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.

Yusifov Nəsir Səməd oğlu


Şəhidlər ölmürlər
Yusifov Nəsir Səməd oğlu 16 may 1966–cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Qazaxbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Ermənilərə qarşı döyüşdə könüllü dəstədə iştirak edən Nəsir Yusifov 27 iyul 1993-cü ildə şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.


Facebook-da paylaş