Əsas Səhifə > Rəsmi > Xeyirxahlıq ənənəsi davam edir

Xeyirxahlıq ənənəsi davam edir


12-09-2016, 14:30
Xeyirxahlıq ənənəsi davam edir
“Qazax Sement Zavodu” MMC-nin kollektivi sənaye istehsalını və məhsul çeşidini get-gedə artırır. İstehsalla yanaşı olaraq zavodda fəaliyyətə başlanıldığı ilk gündən ənənə halını almış xeyirxahlıq missiyası da davam etdirilir.

Belə ki, istehsal müəssisəsinin yerləşdiyi rayonun Daş Salahlı kəndində, eləcə də rayon ərazisində yaşayan və zavodda çalışan şəhid ailələrinə diqqət və qayğı ilə yanaşan zavod kollektivi bayram və əlamətdar günlərdə həmişə onların yanında olur, maddi və mənəvi cəhətdən köməklik göstərirlər. Neçə illərdir ki, başlanmış bu xeyirxahlıq tədbirləri artıq bir ənənə şəklini almışdır.

Cəmiyyətdə birlik və xeyirxahlıq təntənəsinə çevrilən Qurban bayramı insanlar tərəfindən mərhəmət duyğuları ilə qarşılanır, qurbanlar kəsilir. Qurban bayramında kollektivin üzvləri yenə də öz xeyirxahlıq ənənəsinə sadiq qalaraq Daş Salahlı kəndində, eləcə də rayon ərazisində yaşayan və zavodda çalışan şəhid ailələri ilə görüşmüş, onlara qurban payı və bayram sovqatları vermişdir.

Daş Salahlı kənd icra nümayəndəliyində keçirilən görüşdə insan resurslarının idarəedilməsi şöbəsinin rəisi Aqil Hacıyev, administrativ bölmə rəisi Vüsal Əliyev, işlər idarəsinin aparıcı mütəxəssisi Nizami Zeynalov və administrator Sübhan Qarakişiyev çıxış edərək şəhid ailələrini Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını bildirmişlər. Həmin gün Daş Salahlı kəndində yaşayan 20 şəhid ailəsinə qurban payı və bayram sovqatı verilmişdir.

Ümumiyyətlə isə, “Qazax Sement Zavodu” MMC-nin kollektivi tərəfindən Qurban bayramı münasibətilə zavodda işləyən 8 şəhid ailəsinə və aprel döyüşlərində həlak olmuş 3 şəhid ailəsinə bayram sovqatları verilmiş, qəbrləri ziyarət edilmişdir. Eyni zamanda, zavodda çalışan 485 nəfərə də qurban payı verilmişdir.



Geri qayıt