Əsas Səhifə > Rəsmi > “Məni yaşadan mənə olan diqqət və qayğıdır”

“Məni yaşadan mənə olan diqqət və qayğıdır”


9-05-2017, 09:33
“Məni yaşadan mənə olan diqqət və qayğıdır”
İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".

Qazax rayonundan da cəbhəyə gedənlərin sayı az olmayıb. Hal-hazırda onların 4 nəfəri sağdır. Onlardan biri Xanqulu Süleymanovdur. O, rayonda hər kəsin sevimlisi və hörmət bəslədiyi bir ağsaqqaldır. X.Süleymanov “Göyəzən” qəzetinin və GOYEZEN.AZ saytının fəal oxucusudur. Tez-tez redaksiyamızla əlaqə saxlayır, qonağı olur. Əməkdaşlarımız Xanqulu müəllimə müntəzəm olaraq baş çəkirlər.

Ənənəmizə sadiq qalaraq 9 May Faşizm üzərində qələbənin 72 illiyi tamam olan gündə Xanqulu müəllimlə görüşdük. Həmişəki kimi Xanqulu müəllimin qapısı açıq idi. Bu səbəbdən də qapını döymədən içəri keçdik. “Xanqulu müəllim – deyə səsləyəndə” adəti üzrə “bəli” - deyə cavab verdi.

Onun səsi yenə bağçadan gəldi. 92 yaşlı Xanqulu müəllim hündür nərdivana çıxıb ağacların qurumuş budaqlarını darayırdı. Onun bu halı bizi təəccübləndirmədi. Çünki Xanqulu müəllimin bağçaya necə qulluq etdiyinin dəfələrlə şahidi olmuşduq.

Bağçasında çiçəklərin ətri aləmi başına götürmüşdü. Gül bülbülü, bülbül gülü çağırırdı. Qızılgül qərənfilə, qərənfil tülpana yaraşırdı. Xanqulu müəllimlə söhbətimizi də elə bağçada davam etdirdik.

- Xanqulu müəllim, hər dəfə gələndə havadan asılı olmayaraq sizi bağçada görürük.

- Məni saxlayan da elə bu bağ-bağça, bu təbiətdir. İş insanın cövhəridir – sözünü nahaq yerə deməyiblər. İnsan gərək özü-özünü yaşada, hər şeydən zövq ala.

- Xanqulu müəllim bu gün sizin bayramınızdır. 9 May Qələbə Günüdür. Hansı hissləri keçirirsiniz?

- İnsanın hissləri dəyişmir ki, hər il eyni hissi keçirirəm. Qələbə hissindən gözəl hiss varmı?! Arzu edirəm ki, itirilmiş torpaqlarımızın da qələbə sevincini yaşamaq mənə nəsib olsun. Lakin hər il sevinclə yanaşı bir kədər də qonur qəlbimə. Biz veteranların sırası azalır axı. Yaş da o yaş deyil. Yoldaşlarımın kimisi yataqdadır, kimisi ayaqda...

- Xanqulu müəllim maşallah siz gümrahsınız, ayaqdasınız. Gülümsəyərək cavab verdi:

- Məni yaşadan övladlarımın sevgisi, rayon rəhbərliyinin mənə olan hörməti, diqqət və qayğısıdır. Bu yaşda insan üçün bu vacib amillərdən biridir. Bu gün mənim məsləhətlərim dinlənilirsə, dediyim sözlərə əməl olunursa və qapımı sizlər açırsınızsa, məni axtarırsınızsa, deməli mən varam, yaşayıram.

GOYEZEN.AZ

Geri qayıt