Əsas Səhifə > Rəsmi > Hər yaşda insana Ana lazımdır

Hər yaşda insana Ana lazımdır


16-03-2017, 13:16

DÜŞÜNCƏ ---------------------------------------


Hər yaşda insana Ana lazımdır
Ana! Ana! Ana deyirik ilk dəfə dil açanda. İlk dərsliyimiz də “Ana dili” dərsliyidir. İlk nəğməmiz də Ana laylasıdır. İlk sevdiyimiz qadın, ilk müəllimimiz, ilk həkimimiz, ilk sevinc və dərd ortağımız da Anadır. Doğulub boya-başa çatdığımız torpağa da Ana Vətən deyirik.

Ana haqqında çox deyilib, çox yazılıb. Elə bir şair, elə bir yazıçı, elə bir bəstəkar, elə bir rəssam, elə bir heykəltaraş yoxdur ki, onların yaratdıqları əsərlərdə Ana qəlbi döyünməsin. Ana hər yerdədir: yandırdığımız çıraqda, qaladığımız ocaqda, süfrəmizin çörəyində, duzunda, bağçamızın barında, çiçəklərimizin ətrində. Onun əli dəyən, ətri gələn hər yer gözəldir. O, içimizdə bəslədiyimiz ülvi hisslərin ən pakı, ən müqəddəsidir. Ana haqqı – Tanrı haqqı, ana qucağı – behişt guşəsidir. Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. Biz neçə-neçə illər onun xəyalı, sonra isə həyatı oluruq. O, bizi xəyalında gəzdirir-yorulmur, bətnində daşıyır- yorulmur, həyata göz açdığımız gündən hər yükümüzü çəkir-yorulmur. O, dünyasını dəyişəndən sonra da bizi unutmur. Nigaran, narahat ruhu başımızın üstündə dolaşır. Yorulmur ki, yorulmur...

Ana mövzusu incə, dərin, mənalı olduğu qədər də dərdli, əzablı bir mövzudur. Ona görə dərdlidir ki, bu qiymətli varlıq hər birimizin qəlbində olsa da, dünyamızı işıqlandırsa da, çoxumuzun yanında yoxdur. Ana mövzusuna toxunmaqdan həmişə çəkinmişəm. Ona görə çəkinmişəm ki, dərdli qəlblərin yarasını qanatmaqdan qorxmuşam, ata evinə gedib anasını tapmayanların qınağından qaçmışam. Ana borcunu onun qəbir daşına tökülən göz yaşı ilə qaytaranlardan çəkinmişəm. Və bütün bunlarla yanaşı, Ana həsrətinə, Ana qübarına, Ana yarasına məlhəm axtarmışam.

Deyirlər, ən gözəl məlhəm sözdür. Sözlə sağaltmaq istəmişəm bu yaranı. Ana dərdinin yükünü sözlə azaltmaq istəmişəm. Bu sözü özümdə tapa bilmədiyim üçün söz axtarışına çıxdım. Bir çox insanlara üz tutdum. Kimi danışdırdımsa, Ana adını eşidəndə elə bir ah çəkdi ki, göydə buludlar ağladı, şimşəklər çaxdı, günəş batdı, ay yox oldu, ulduzlar söndü. Mənə elə gəldi ki, axtardığım müsahibimi tapa bilməyəcəm. Sonra özüm-özümü qınadım. Bəlkə mən müsahibimi düzgün seçə bilmirəm?.

Çox düşündükdən sonra belə qərara gəldm ki, bu mövzu ilə bağlı bir dünya görmüş, uzun həyat yolu keçmiş, dünyanın sərt və xoş üzünü tanımış bir insana üz tutum. Bəlkə o, elə bir söz söyləyər, təsəlli, öyüt-nəsihət verər ki, dərdimiz azalar, yaramız sağalar. Sinəmizdəki Ana həsrətinə, Ana yarasına məlhəm olar.

Bəli, mən müsahibimi tapdım. El ağsaqqalı, 100 yaşını haqlamış, dünya görmüş Xanqulu Süleymanovu. Onunla söhbətim uzun çəkdi. Çünki Xanqulu müəllimin söhbətləri o qədər maraqlı olur ki, doymaq olmur. Bir kəlməyə yüz kəlmə ilə cavab verir. Heç vaxt söz xatirinə söz danışmır. Onunla hər dəfə söhbət edəndə yeni nəsə öyrənirəm. Çünki Xanqulu müəllim özü bir məktəbdir. O, sanki tarixi bir kitabdır. Onu oxuduqca oxumaq, vərəqlədikcə vərəqləmək istəyirəm.

- Xanqulu müəllim Ana haqqında nə deyə bilərsiz?

- Ana qadının soyadıdır. Göydə Allah, yerdə Anadır. Dünyada Ana qucağından isti yer, Ana laylasından həzin musiqi yoxdur. Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Yalnız onun məhəbbəti təmənnasız, sonsuzdur. Bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyirik, səcdə qılırıq. Çünki bu məhəbbət bir qəlbə sığmır. O, bir ümmandır.

- Xanqulu müəllim, sizin dövrün anaları ilə müasir dövrün anaları nə ilə fərqlənir?

- Ana zamanından, vaxtından, mühitindən, millətindən asılı olmayaraq Anadır. Hər zaman öz övladı üçün o, min bir əziyyətə qatlanır. Mən Ananı od ətrafında fırlanan pərvanəyə bənzədirəm. Özünü daim oda yaxır.

- Bəs siz ananızı necə xatırlayırsınız?

- Onu heç unutmadım ki, xatırlayım. O, həmişə mənimlədir.

Xanqulu müəllim bir qədər fikrə getdikdən sonra davam edir:

- Başqa rayonda işləyirdim. Gecə çox narahat yatdım. Qarışıq yuxular gördüm. Səhər tezdən istirahət etmək üçün yerimdən qalxmaq istəmədim. Çünki gecə heç yatmamışdım. Bu zaman mənə xəbər gəldi ki, anam bərk xəstələnib məni çağırır. Tez hazırlaşıb yola çıxdım. Yol boyu qarışıq yuxum qəlbimi didib parçalayırdı. Həmişəki kimi anam məni qapıda qarşılamadı. Ürəyimə damdı ki, vəziyyət ciddidir. O, yataqdadır. Otağa daxil oldum, çarpayısına yaxınlaşıb yanında oturdum. Ana, ana - deyə çağırdım. Səsimi eşidib gözlərini açdı, gülümsədi. Mən qolumu onun boynuna saldım ki, başını qaldırıb sinəmə sıxım. Elə bu an anam qolumdaca keçindi. O, mənim yolumu gözləyirmiş. Budur Ana vəfası.

Axrıncı sözü söyləyəndə Xanqulu müəllimin səsi titrədi, yaş gözlərindən sel kimi getdi. Qarşımda oturan bu 92 yaşlı insan bir anın içindəcə körpə uşağa çevrildi sanki. Neçə-neçə müharibələr görmüş, həyatın hər bərkinə, boşuna düşmüş, neçə-neçə bahar-qış yola salmış bu insan diz çökdü sanki verdiyim sual qarşısında. Mən ondan təsəlli almağa gəlmişdim. Özüm onu ovutmalı oldum:

- Xanqulu müəllim, siz dünya görmüş insansınız, övladlarınız, nəvələriniz, nəticələriniz var. Siz atasız, babasız... O, sözümü kəsdi:

- Ata da olsam, baba da, mən də bir ananın övladıyam. Həyatda gördüyüm yaxşı günlər, çalışdığım müxtəlif yüksək vəzifələr, qazandığım uğurlar, aldığım mükafatlar mənim qəlbimdəki Ana yarasını sağaltmadı. Heç kəs və heç nə onu mənə unutdura bilmədi bu yaşıma qədər.

Xanqulu müəllimdən ayrılandan sonra yol boyu onun qəlbinin incə və kövrək simlərinə toxunduğum üçün, bu yaşlı insanın göz yaşlarına səbəb olduğum üçün özümü qınadım. Nə onun cavabı, nə də nəmli gözləri heç vaxt xəyalımdan silinməyəcək. Qəlbimdə isə bir rahatlıq vardı. Axı, mən öz sualıma cavab tapmışdım. Hər yaşda insana ana lazımdır.

Xuraman ƏZİMOVA

Geri qayıt