Əsas Səhifə > Rəsmi > Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşlara xidmət göstərəcək

Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşlara xidmət göstərəcək


5-11-2019, 11:52


Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri 6 noyabr 2019-cu il tarixdən 5 dekabr 2019-cu il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) əhaliyə səyyar xidmətlər göstərəcək.  

30 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat fəaliyyəti  daxildir.

Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçiriləcək. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) təşkil olunacaq.

Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

GOYEZEN.AZ


Geri qayıt