Əsas Səhifə > Rəsmi > Qazaxda “Oyun Karvanı” proqramı çərçivəsində uşaqlar arasında əyləncəli oyunlar keçirilib

Qazaxda “Oyun Karvanı” proqramı çərçivəsində uşaqlar arasında əyləncəli oyunlar keçirilib


24-10-2019, 16:15

Bu gün Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə "Oyun Karvanı” proqramına uyğun olaraq 6-12 yaşlı uşaqlar arasında əyləncəli oyunlar keçirilib.

18 oktyabr tarixindən Bakı şəhərindən start götürən tədbir Lənkəran, Şəki, Qəbələ, Mingəçevir, Gəncə şəhər və rayonlarında uğurla həyata keçirilib. Bu gün isə layihənin yekun tədbiri Qazax rayonunda təşkil olunub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndələri Oruc Məmmədli və Pərvin Mehdiyev, layihə rəhbəri Koray Akdəmir,  200 nəfərdən artıq uşaq və yeniyetmə iştirak edib.

Layihə rəhbəri Koray Akdəmir tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin keçirilməsində göstərilən dəstəyə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Layihə barədə ətraflı məlumat verərək bildirib ki, məqsədimiz uşaqları sevindirmək, qardaş ölkələrimiz arasında olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verməkdir. Gələcəyimiz olan uşaqlara xoş təbəssüm bəxş etmək və onların uşaq dünyasına az da olsa rəng qatmaqdır.

Tədbirdə iştirak edən Qazax RİH aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov çıxış edərək qonaqları rayon rəhbərliyinin adından salamlayıb və layihənin həyata keçirilməsində əməyi keçən insanlara, təşkilat rəhbərlərinə minnətdarlığını bildirib. Düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunda da bu cür tədbirin keçirilməsini balaca fidanlara olan diqqət və qayğının əyani göstəricisi kimi qeyd edib və yüksək qiymətləndirib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev də çıxış edərək qonaqları salamlayıb, tədbirlə bağlı layihənin təşkilatçılarına təşəkkürünü çatdırıb.

Rəsmi açılış mərasimi başa çatdıqdan sonra tədbir şən klounların bir-birindən rəngarəng çıxışları, sevilən mahnıları, müxtəlif əyləncəli oyunları ilə davam edib. Bugünkü gün uşaqların yaddaşına xoş xatirələrlə yazılıb.



































GOYEZEN.AZ


Geri qayıt