Əsas Səhifə > Rəsmi > Bu il respublikada əhalinin növbəti siyahıyaalınması keçiriləcək

Bu il respublikada əhalinin növbəti siyahıyaalınması keçiriləcək


14-08-2019, 15:41


Bu il oktyabrın 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Əhalinin siyahıyaalınması ölkənin demoqrafik və sosial sahədə gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas məlumat mənbələrindəndir. Əhalinin siyahıyaalınması ölkədə əhalinin həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməklə onların faktiki vəziyyətini öyrənməyə, ötən 10 ildə baş vermiş dəyişikliklərin təhlili və gələcək üçün proqnoz verməyə imkan yaradır.

Əhalinin sosial, iqtisadi və demoqrafik strukturu haqqında siyahıyaalma məlumatları ölkənin sosial-iqtisadi vəziyyətinin kompleks qiymətləndirilməsi və inkişafın planlaşdırılması, bu istiqamətdə ölkə və regional səviyyədə dövlət proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin təbii hərəkətinin elmi araşdırılması, miqrasiya proseslərinin, işçi qüvvəsinə olan tələb və təklifin öyrənilməsi, həmçinin kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, peşəkar bacarıqların proqnozlaşdırılması və əmək bazarına uyğunluğunun təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Dünya ölkələrinin milli statistikasının əsasını təşkil edən əhalinin siyahıyaalınması ölkənin demoqrafik və sosial sahədə gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas məlumat mənbələrindən biri hesab olunur.

Müstəqillik dövründə sayca üçüncü olan bu siyahıyaalma siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yeri, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və miqrasiyasının səbəbləri və s. haqqında ətraflı məlumatların əldə olunmasına imkan verəcək.

Əvvəlki siyahıyaalmalardan əldə edilmiş məlumatlardan fərqli olaraq, bu il keçiriləcək siyahıyaalma zamanı ilk dəfə ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin məşğulluğuna, mənzil-məişət şəraitinə və təhsilinə, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların şəhər və rayonlar üzrə əldə edilməsinə imkan yaranacaq. İqtisadi və inzibati rayonlar üzrə peşə və vəzifələr, iqtisadi fəaliyyət növləri, cins və yaş bölgüsündə işçi qüvvəsinə dair əldə olunacaq məlumatlar ölkədə əmək ehtiyatlarının istifadəsinin əhatəli qiymətləndirilməsinə və əmək bazarında mövcud vəziyyəti daha geniş təhlil etməyə imkan verəcək.

Beləliklə, əhalinin siyahıyaalınması zamanı şəxsi həyata aid əldə ediləcək bütün fərdi məlumatların qorunacağını və konfidensiallığının təmin ediləcəyini nəzərə alaraq, ölkənin cari sosial-iqtisadi və demoqrafik vəziyyətinin kompleks qiymətləndirilməsi və növbəti 10 ildə gələcək perspektivlərin planlaşdırılması üçün siyahıyaalma prosesində aktiv iştirak etmək, sualları dolğun və düzgün cavablandırmaq bir vətəndaş olaraq hər birimizin məcburi öhdəliyimiz olmaqla, həm də mənəvi məsuliyyətimizdir.

GOYEZEN.AZ


Geri qayıt