Əsas Səhifə > Rəsmi > Qazaxda turizm startapları və sahibkarlıq mövzularında təlim keçirilib

Qazaxda turizm startapları və sahibkarlıq mövzularında təlim keçirilib


11-04-2019, 17:30


Ötən yazılarımızda xəbər verdiyimiz kimi, Avropa İttifaqının sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH), Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsini 2016-cı il dekabr ayında bağlanmış qrant sazişinə əsasən icra edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi layihənin əlaqələndiricisi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ədliyyə Nazirliyi isə layihənin tərəfdaşlarıdır.

Sevindirici haldır ki, həmin layihə çərçivəsində pilot olaraq Qazax rayonunun "Rayon İnkişaf Planı”nın hazırlanması da nəzərdə tutulub. Bununla bağlı layihənin hazırlanması üçün ilkin olaraq danışıqların aparılması məqsədilə nümayəndə heyəti Qazaxda olub, aidiyyəti şəxslərlə görüş keçirib.

Layihə çərçivəsində ilk dəfə 4-6 dekabr 2018-ci il tarixlərində Qazax rayonunun diaqnostik qiymətləndirməsinə dair 3 günlük, 2019-cu il 15-17 yanvar tarixlərində isə rayonun planlaşdırılmasına dair seminarlar təşkil olunub.

Bu gün isə layihə çərçivəsində turizm startapları və sahibkarlıq mövzularında təlim keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən təlimdə Qazax RİHB aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, şöbənin baş məsləhətçisi Kamil Mehdiyev, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, "Qabus Consulting” MMC-nin təlimkoordinatoru Fariz Ələkbərov və təlimçi Cavid Cəbiyev, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən ticarət obyektlərinin rəhbərləri iştirak ediblər. Təlimə ümumilikdə 25 nəfər qatılıb.


Qazax RİHB aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, həyata keçirilən layihənin və təlimin əhəmiyyətindən danışaraq keçirilən təlimin rayonun sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb edəcəyini qeyd edib. Turizm və sahibkarlıq sahəsi ilə bağlı bu cür təlimlərin təşkil olunmasının bu sahədə çalışan rayon sakinləri üçün əsl töhfə olduğunu bildirib, təlim iştirakçılarına uğurlar arzulayıb.

"Qabus Consulting” MMC-nin təlim koordinatoru Fariz Ələkbərov çıxış edərək təlim iştirakçılarını salamlayıb, layihənin, eləcə də seminar və təlimlərin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Təlimçi Cavid Cəbiyev çıxış edərək əvvəlcə təlim qaydaları və rollar, gözləntilərin müəyyən edilməsi və öyrənmə hədəflərinin təyin edilməsi, təlim qrafiki və əhatə dairəsi, komanda işi barədə ətraflı məlumat verib.

İlkin test aparıldıqdan sonra turizmə dair əsas anlayışlar mövzusunu əhatə edən məsələlər müzakirə olunub. Turizmi şərtləndirən əsas və köməkçi amillər, nümunə təhlili, komanda işi, nümayiş və müzakirələr haqqında geniş izahatlar verilib. Sonra turizm xidmətləri, turizm dəyər zəncirində əsas və yardımçı xidmət təminatçıları, qonaqpərvərlik və turizm sənayesində yerli biznesə başlamaq, yerli turizm şirkətinin idarə olunması və fəaliyyəti mövzularında da maraqlı söhbətlər aparılıb.

Maraqlı diskusiya şəraitində keçən təlimdə pulun turizm dəyər zəncirində hərəkəti, turizm xidmətlərinin göstərilməsi, nümunə təhlili, komanda işi, nümayiş və müzakirələrlə bağlı məsələlər də müzakirə olunub. Bundan əlavə, turizm məhsullarının və xidmətlərinin satış və marketinqinin aparılması, turizm sahəsində SWOT analizin aparılması, səyahət agentliyinin funksiyaları və xidmətləriş, yerli turizm şirkəti və ya turizm agentliyi açarkən nəzərə alınmalı olan məsələlər barədə də geniş şəkildə məlumatlar verilib. Qeyd olunan bütün məsələlər komanda işi olaraq təşkil olunub və sual-cavab formasında aparılıb.



GOYEZEN.AZ

 


Geri qayıt