Əsas Səhifə > Rəsmi > Hesabat yüksək əhval-ruhiyyədə keçib

Hesabat yüksək əhval-ruhiyyədə keçib


17-01-2017, 19:11
Hesabat yüksək əhval-ruhiyyədə keçib
Bu gün Ağköynək kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər barədə hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib. Yığıncaqda ötən il ərzində görülən işlər barədə məlumat verilib, bu il həyata keçiriləcək işlər müzakirə olunub.
Hesabat yüksək əhval-ruhiyyədə keçib
Ağköynək kənd İƏD üzrə nümayəndəsi Vadim Əmiraslanov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, nümayəndəlik Ağköynək və Qarapapaq kəndlərini əhatə edir. Nümayəndəliyin ərazisində 1645 ailə təsərrüfatı var və 5563 nəfər əhali yaşayır.

2016-cı ildə respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti-abadlıq işləri həyata keçirilib. Rayonumuzun girişində Qazax sözü yazılmış Obeliskdə yenidənqurma və abadlıq işləri aparılmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Eyni zamanda, həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə Təyyarə Abidə Kompleksi ucaldılmışdır. Bundan başqa dairəvi yolda, Bayraq Meydanında əsaslı təmir işləri aparılaraq tamamilə yenidən qurulmuş, ətrafında geniş abadlıq, quruculuq işləri həyata keçirilərək yeni işıqlanma sistemi qurulmuşdur.

Hesabat dövründə Ağköynək və Qarapapaq kəndlərinin hər birində tərkibi beş nəfərdən ibarət işçi qrupları yaradılmışdır. İşçi qruplarının yaradılmasında əsas məqsəd kənd əhalisinin problemləri ilə yaxından maraqlanmaq və həlli istiqamətində vacib işlər görməkdən ibarət olmuşdur.

Kənddə azad sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Yeni istehsal sahələrinin yaradılması, xırda və orta sahibkarlığın formalaşması istiqamətində müəyyən işlər görülmüşdür. Bu istiqamətdə fəaliyyət göstərən müəssisələrdə 470 nəfərə kimi kənd sakini işlə təmin olunmuşdur.

Hesabat ilində kənd təsərrüfatı sahəsində xeyli işlər görülmüşdür. Sakinlər öz pay torpaqlarından səmərəli istifadə edərək müxtəlif növ məhsullar istehsal etmişlər. Ötən il kənd əməkçiləri əkin sahələrindən 25 ton tərəvəz, 16 ton kartof, 122 ton quru ot, 266 ton üzüm, 45,7 ton meyvə və 288 ton taxıl istehsal etmişlər. Eyni zamanda gələn ilin məhsulu üçün 199 hektar sahədə taxıl əkilmişdir ki, bu da keçən ildəkindən 66 hektar çoxdur.

2016-cı ildə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Ağköynək və Qarapapaq kəndlərində dəfələrlə olaraq kənd əhalisi ilə görüşlər keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olmuş və aidiyyəti üzrə tapşırıqlar vermişdir.

İcra Başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə nümayəndəliyin ərazisində bir çox işlər görülmüşdür. Belə ki, Qazax şəhərinin Ağköynək kəndi ilə sərhədindən başlayaraq Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ilə sərhədinə kimi olan magistral yol boyu əraziyə 3000 ədəd həmişəyaşıl ağac əkilmişdir.

Ağköynək kənd qəbiristanlığının yaxınlığında şəhər üçün ayrılmış əraziyə məişət tullantıları atılırdı ki, bu da kənd sakinlərinin haqlı narazılığına səbəb olurdu.
Bunun qarşısını almaq üçün rayon rəhbərliyinin köməkliyi və tapşırığı sayəsində həmin ərazi ağır texnika vasitəsilə təmizlənmiş və kənarında böyük yarğanlar açılmış, ətrafı dəmir torla bağlanmışdır. Eyni zamanda ərazi keçirilən iməcliklər nəticəsində məişət tullantılarından təmizlənmişdir.

Hesabat ilində kəndin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 2 ədəd köhnə elektrik transformatoru yenisi ilə əvəz edilmiş və 30 faiz sib kabelə keçmiş, bu işi baş çatdırmaq üçün hal-hazırda işlər davam etdirilir.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin və Dünya Bankının birgə dəstəyi ilə təsis olunmuş kənd investisiya layihəsi çərçivəsində Qarapapaq kəndində Ağbulaq su anbarı, Ağköynək və Qarapapaq kəndlərində abidə bulaq kompleksləri yüksək səviyyədə təmir olunaraq kənd sakinlərinin istifadəsinə verilmişdir.

Ağköynək və Qarapapaq kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmış, qəbiristanlıqların dəmir darvazaları rənglənmişdir.

Hesabat dövründə Ağköynək və Qarapapaq kəndlərinin yollarının 7,5 km-dən çox hissəsinin çala-çuxuru düzəldilmiş və xırlanmışdır. Rayon rəhbərliyinin dəstəyi ilə kənddə 1 ədəd artezian quyusu qazılmış və qısa vaxt ərzində istismara verilərək balansa alınmışdır.

Hesabat dövründə bir çox kənd sakininə müəyyən problemlərin həll olunmasında maddi köməkdarlıq olunmuşdur. Bunlardan Allahverdi Hacıəliyevin, şəhid atası Şəmistan Yaqubovun, Mübariz Xasməmmədovun, Çernobıl iştirakçısı Tahir Vəliyevin, Ziba Mahmudovanın, Kamran Əliyevin, Nazilə Mollayevanın, Mahir Abdullayevin, Hüseyn Məhərrəmovun, Gülsüm Ocaqverdiyevanın qarşılaşdıqları problemlər öz həllini tapmışdır.
Hesabat yüksək əhval-ruhiyyədə keçib
Sonra kənd sakinlərindən Ədalət Əmiraslanov, Tural Mürsəlov, Hümbət Poladov, Şofiq Hacıəliyev, Gövhər Rəhimova, Rövşən Əliyev, Ramil Qurbanov, Pəri Əmiraslanova, Mahir Abdullayev, Nəzakət Mansurova, ağsaqqal Rəşid Qasımov, şəhid ataları Sərhəd Məmmədov, Sarı Hüseynov, kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova çıxış edərək rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova rayonda, eləcə də Ağköynək kəndində aparılan tikinti-quruculuq işlərinə və onlara göstərdiyi diqqətə, qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmiş, icra nümayəndəliyinin 2016-cı ildə gördüyü işləri qənaətbəxş hesab etmişlər.
Hesabat yüksək əhval-ruhiyyədə keçib
Eyni zamanda çıxış edənlər kənddə olan bir sıra xırda çatışmazlıqlardan da söz açaraq qeyd ediblər ki, kənd məktəbində əlavə sinif otağına, bağçaya, artezian quyusun qazılmasına, suvarma arxlarının beton üzlüyə alınmasına, kənddəki diyarşünaslıq evinin əsaslı təmir olunmasına, magistral yolun işıqlandırılmasının Obeliskə qədər davam etdirilməsinə ehtiyac vardır.
Hesabat yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağında rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Məmməd Alıyev çıxış edərək hesabat ilində görülən işlərin qənaətbəxş olduğunu bildirib, kənd icra nümayəndəliyinin kollektivinə 2017-ci ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıblar.

Elçin İSMAYIL
Geri qayıt