Əsas Səhifə > Rəsmi > Xalqımızın qəhrəmanlıq salnaməsi

Xalqımızın qəhrəmanlıq salnaməsi


16-01-2019, 16:30


Bu gün 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında Qanlı Yanvar hadisələrinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə təşkilatın şura üzvləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin, eləcə də Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.


YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Vətən yolunda şəhidlik ən ali bir zirvədir. Əsl qeyrət, hünər və mərdlik, şərəf, ləyaqət zirvəsidir. 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazandı Vətənin azadlığı yolunda canından keçən oğul və qızlarımız. Onların fədakarlığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvarında hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlıq və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin yanvarında Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Bu gün xalqımız öz milli mənliyini qorumaq üçün canlarından keçməyə hazır olan övladları ilə fəxr edir". Bəli, o mərd insanlar həqiqətən də xalqımızın qürur mənbəyidir. Çünki onlar Vətənin 70 illik imperiya əsarətindən xilası, xalqın uzun illər boyu arzuladığı azadlıq və müstəqilliyinə qovuşması, millətin öz "Mən"ini dünya qarşısında nümayiş etdirməsi naminə şəhid olublar.


Anim tədbirində çıxış edən YAP Qazax rayon təşkilatının Şura üzvü Polad Ağakişiyev, İdarə heyətinin üzvü Novruz Abdullayev, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, partiya fəalı Elvira Əfəndiyeva sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandıraraq, 20 Yanvar hadisələrini milli azadlıq hərəkatının növbəti mərhələsi, xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndiriblər. Qeyd ediblər ki, bu qanlı hadisə sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi. Çıxış edənlər 20 Yanvar qırğınlarına yalnız ümummilli lider Heydər Əliyevin xalqın arzusu və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən bir il sonra qətiyyətli və obyektiv qiymət verildiyini, eləcə də bu dəhşətli faciənin əsl günahkarlarının adlarının açıqlandığını bildiriblər.




GOYEZEN.AZ


Geri qayıt