Əsas Səhifə > Rəsmi > Yaşayış evlərini yanğından qoruyun!

Yaşayış evlərini yanğından qoruyun!


11-01-2019, 12:06


Bu gün müstəqil Azərbaycanımızı böyük inşaat meydanına bənzətmək olar. Ölkə iqtisadiyyatının inkişafı şəhər və rayonlarımızın, qəsəbə və kəndlərimizin mənzərəsini gündən-günə dəyişir, yeni tikililər, xüsusən də yeni salınan yaşayış massivləri əhaliyə daha firavan həyat bəxş edir.

Təbii ki, istər müasir dövrdə tikilən və istərsə də köhnə evlərdə sakinlər qazdan və elektrik enerjisindən istifadə etməklə öz məişət problemlərini həll edirlər. Demək olar ki, hər bir ailədə cürbəcür məqsədlər üçün müxtəlif kimyəvi maddələrdən, tezalışan mayelərdən istifadə olunur. Bütün bunlar isə mənzillərdə yanğın təhlükəsizliyinə ciddi əməl olunmasını tələb edir. Hər bir vətəndaş bilməlidir ki, evlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması, qaz və elektrik cihazlarından düzgün istifadə olunmaması, uşaqların odla oynamasına etinasız münasibət insan itkisi, külli miqdarda maddi ziyanlarla nəticələnən böyük yanğınlara səbəb olur.

Aparılan araşdırmalar göstərir ki, yaşayış yerlərində baş verən yanğınların əsas səbəbi od ilə ehtiyatsız davranmaqdır. Bəzən ilk baxışdan narahatçılıq doğurmayan, tez-tez müşahidə etdiyimiz və ciddi diqqət yetirmədiyimiz adi hallar belə iri yanğınlar törədir. Xüsusilə çardaqlarda, ot və s. yem bitkilərinin saxlandığı ambarlarda, yaşayış yerlərindəki yardımçı təsərrüfat binalarında siqaret çəkmək, işıqlandırma məqsədilə oddan açıq halda ehtiyatsız istifadə etmək böyük yanğınların baş verməsinə şərait yaradır.

Siqaret çəkilərkən etinasız davranışlar xüsusilə təhlükəlidir. Unutmamalıyıq ki, siqareti alışdırarkən kibriti və ya siqaretin qalığını yana-yana hara gəldi atmaq, yaxud taxta üstünə, hətta od ilə azacıq təmasda alışa bilən vasitələrin yaxınlığına qoymaq böyük yanğınlar törədir. Közərmədə olan siqaret kötüyü kağızı asanlıqla alışdıra bilir. Quru ot və saman içərisinə düşdükdə də eyni qaydada yanğınla nəticələnir. Bütün bunlar bir daha təsdiqləyir ki, söndürülməyib tullanan siqaret kötüyündən əmələ gələn yanğınlar ehtimal ediləndən daha təhlükəlidir. Eyni zamanda, uzanmış halda, xüsusən sərxoş olanda uzanıb siqaret çəkmək çox təhlükəlidir.

Evlərdə qızdırıcı sobalardan istifadə edərkən yanğın təhlükəsizliyinə xüsusilə ciddi diqqət yetirmək lazımdır. Odun sobalarından istifadə edərkən soba bacalarına tez-tez nəzarət edilməli, onlar hər qış mövsümündə təmizlənməlidir. Sobalar yanmayan bir əşya üzərində yerləşdirilməli və ya onunla soba arasına yanmayan bir qoruyucu yerləşdirilməlidir. Pərdə, masa, taxta, parça əşyalar sobadan 60 sm uzaqda olmalıdır. Sobada uyğun yanacaq yandırılmalıdır. Kül metal qablarla boşaldılmalıdır. Soba holl, evdə hərəkətin çox olduğu (qapı ağzı kimi) yerlərdə qoyulmamalıdır. Sobalar istifadə edilmədikdə çöldə, uşaqların əllərinin çata bilməyəcəyi bir yerdə saxlanılmalıdır. Sobanın giriş qapağı kip bağlanmalıdır. Sobanın istifadə edildiyi yer yaxşıca havalandırılmalıdır.

Daşınan elektrik sobalarından istifadə zamanı yatarkən soba elektrik şəbəkəsindən ayrılmalıdır. Elektrik sobalarından paltar qurutmaq məqsədilə istifadə edilməməlidir.

Evlərdə istifadə olunan mətbəx sobalarının üzərində alovlanan maddələr yerləşdirilməməlidir. Uşaqların diqqətini çəkən şüşə əşyalar ocaq və soba yaxınlığında qoyulmamalıdır. Yemək bişirən zaman soba və ya qızdırıcı cihaz nəzarətsiz qalmamalıdır. Mənzillərdə yanğın adətən mətbəxdə baş verdiyindən, burada olarkən həddən artıq diqqətli olmaq lazımdır. Unutmaq olmaz ki, mətbəxdə və balkonda tezalışan maddə və mayelərin saxlanması qəti qadağandır. Belə ki, yuxarı mərtəbələrdən aşağıya atılan siqaret kötüyü küləklə balkona düşə bilər və orada saxlanılan maddə və mayeləri alışdırar. Mətbəxdə isə küləkdən yellənən pərdələr yanan qaz plitəsinə yaxınlaşdıqda alışa bilər və beləliklə də böyük yanğına səbəb olar. Mətbəx və balkonları lüzumsuz əşyalarla doldurmaq olmaz. Bu xüsusilə tezalışan maddə və mayelərə, eləcə də taxta mebel və şkaflara, ümumiyyətlə, alışa bilən hər bir materiala aiddir. Yadda saxlamaq lazımdır ki, bir çox yanğınlar mətbəxdə isti qazan və tavalardan, onların içərisindəki qaynar yağdan da baş verə bilər.

Kimyəvi maddələrlə, tezalışan mayelərlə ehtiyatsız davranmaq da evlərdə yanğının baş verməsi ilə nəticələnə bilər. Məlum olduğu kimi, bu gün hər bir müasir evdə və mənzildə məişət kimyasına aid yanğın təhlükəli kimyəvi maddələr və materiallar vardır. Hər cür əridicilərə, nitrolaklara, rənglərə, mastikalara, ziyanverici və parazit həşəratlarla mübarizə məqsədilə işlədilən kimyəvi dərmanlara evlərdə çox vaxt rast gəlmək mümkündür. Həmçinin, bəzək üçün lazım olan kimyəvi maddələr də yanğın cəhətdən artıq dərəcədə təhlükəlidir. Belə ki, saç, dırnaq və s. üçün işlədilən müxtəlif laklar, kiçik aerozol qablarında satılan digər məişət kimyası yanğın təhlükəlidir. Belə ki, onlara tezalışan və yanar tərkiblər doldurulmuşdur və onlar daima təzyiq altında olduğundan təhlükəsi də çoxdur.

Yuxarıda adları çəkilən maddələrin hamısı ilə çox ehtiyatlı davranmaq lazımdır. Bunlardan hər birisi açıq oddan, kibritdən, qaz plitəsindən, sobadan, siqaretdən qorunmalıdır. Yadda saxlamaq lazımdır ki, hətta elektrik açarını burarkən, elektrik cihazlarını elektrik mənbəyinə salıb-çıxararkən əmələ gələn qığılcımdan belə bəzi kimyəvi maddələr asanlıqla alışır. Qığılcım hətta metalı metala vurarkən də əmələ gələ bilər.

Linoleumu və ya parketi döşəməyə yapışdırmaq üçün istifadə olunan kimyəvi yapışdırıcı maddələri qaz və başqa qızdırıcı cihaz üzərində qızdırmaq nəticəsində də yanğın hadisələrinə tez-tez təsadüf olunur.

Yanğın cəhətdən qorxulu olan aerozol və ya başqa bu kimi qablarda olan nitrorəngdən, lakdan, emal və müxtəlif kimyəvi maddələrdən istifadə edərkən qabaqcadan məcburi surətdə mənzilin havasını dəyişdirmək lazımdır və heç bir halda mənzilin havası təmizlənməmiş od yandırmağa, siqaret çəkməyə, elektrik açarı və elektrik mənbəyindən istifadə edilməsinə yol verilməməlidir.

Evlərdə yanğın hadisələri tonqaldan da baş verə bilər. Yadda saxlamaq lazımdır ki, əgər tonqal yaşayış yerinin yaxınlığında qalanmışsa – bu ciddi yanğın təhlükəsi yaradır. Tonqal qalandıqda küləyin təsirindən havaya qalxan qığılcım zibilin, quru otun, inşaat materialları qalıqlarının yanma ehtimalını artırır, bu isə evlərdə yanğın baş verməsi üçün kifayət edir.

Bəzən, işıqlandırmaq məqsədilə şamdan istifadə edilərkən adi ehtiyat tədbirləri tamamilə unudulur. Unutmayın ki, şamı öz ərintisi ilə masa, taxta parçası, siqaret və kibrit qutuları üzərinə yapışdırmaq olmaz, çünki şam yıxıla bilər və yanmaqda davam edərsə, yanğına səbəb olar. Şamlardan istifadə etmək üçün onları sabit metal şamdana taxmaq və ya nimçə içərisinə qoymaq lazımdır. Yanan şam ilə çardağa, ambara, tövləyə girmək təhlükəlidir. Belə yerlərə daxil olarkən yaxşı olar ki, cib elektrik fənərlərindən istifadə edin.

Televizorlardan istifadə edərkən yanğın təhlükəsizliyi qaydalarının pozulması da yanğınlara səbəb ola bilər. Birinci növbədə qeyd etmək lazımdır ki, televizor elektrik cərəyanı ilə işlədiyindən, ona daim nəzarət olunmalıdır. Televizorlardan istifadə edərkən standartlara uyğun olmayan qoruyuculardan istifadə etmək yanğın təhlükəsizliyi qaydalarına ziddir. Televizorun uzun müddət fasiləsiz işləməsi də yanğınla nəticələnə bilər. Televizorun arxa qapağındakı dəliklərin tutulmasına yol vermək olmaz. Televizorlardan istilik batareyalarının, digər qızdırıcı cihazların yanında qoyulması, həmçinin, mebel içərisində quraşdırılması yanğının baş verməsinə səbəb ola bilər. Televizorları istifadə edərkən sabitləşdirici cihazlardan (stabilizatordan) istifadə etmək məqsədəmüvafiqdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, televizor və ya digər elektrik cihazlarından yanıq qoxusu gəlirsə və ya tüstü çıxırsa, dərhal televizor və ya cihaz elektrik şəbəkəsindən ayrılmalı və yalnız mütəxəssisin icazəsindən sonra ondan istifadə olunmalıdır.

Qışda kəskin soyuqlar başladığı zaman su kəmərləri və kanalizasiya boruları, mərkəzi qızdırma boru və cihazları, çardaqlarda qoyulan çənlər donur. Yanğın təhlükəsizliyi tədbirlərinə etinasızlıqla baxanlar çox vaxt onları açıq odla qızdırırlar. Bu isə çox vaxt yanğınla nəticələnir. Bu cür boruların donunu açmaq üçün yalnız qaynar su və ya qızdırılmış qum işlədilməlidir.

Uşaqlar tərəfindən od ilə oynamaq da mənzillərdə yanğınlara səbəb olur. Evdə və ya mənzildə tək qalmış uşaq kibriti götürə bilər, böyüklərin etdiyi kimi, kağız yandırar, qızdırıcı elektrik cihazını şəbəkəyə qoşar, hətta, bir vaxt meşədə, bağda və başqa yerlərdə gördüyü kimi, tonqal da yandıra bilər. Böyükləri təlqin edərək bəzən uşaqlar hətta, siqaret çəkməyə də təşəbbüs göstərə bilərlər. Bu məsələdə, əlbəttə, müqəssir valideynlərdir, onlar uşaqları mənzildə tək qoyurlar, kibriti onlardan gizlətmir, uşaqların davranışına nəzarət etmir, bəzən də uşaq şıltaqlığına uyub onlara kibritlə oynamağa icazə verir, sobanı yandırmağı, yanmaqda olan məişət cihazlarına nəzarət etməyi balacalara tapşırırlar.

Uşaqları mənzildə tək qoyub qapını bağlamaq olmaz, yanmaqda olan sobalara və qızdırıcı cihazlara nəzarət etməyi də onlara etibar etmək yaramaz, bunlardan əlavə, azyaşlı uşaqlara qızdırıcı cihazları cərəyana qoşmağa da icazə vermək olmaz.

Yadda saxlamaq lazımdır ki, ərazini tikinti materialları və alışqan maddələrlə doldurduqda, işıqlandırmaq üçün açıq alovdan (şam, məşəl) istifadə etdikdə, sobanın üzərində və yanında paltar və ya odun qurutduqda, kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və elektrik qızdırıcı cihazlarından istifadə etdikdə, bacaların yaxınlığındakı çardaqlarda tez alışan əşya və məişət qaz balonları saxladıqda, qaz cihazlarında nasazlıq olduqda, siqaret çəkərkən diqqətsizlik etdikdə, uşaqlar odla oynadıqda və s. hallarda real yanğın təhlükəsi yarana bilər.

Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi

                     

 


Geri qayıt