Əsas Səhifə > Rəsmi > Səyyar “ASAN qatar” Qazaxda

Səyyar “ASAN qatar” Qazaxda


3-09-2018, 11:17


Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar” bu gün Qazax rayonuna gəlib.

Sentyabr ayının 3-dən etibarən Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında fəaliyyət göstərəcək Səyyar "ASAN qatar” vasitəsilə sakinlərə 25 gün müddətində səyyar formada xidmət göstəriləcəkdir.

Səyyar "ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov bildirib ki, səyyar formada göstərilən xidmətlərə - bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti, tərcümə xidməti, tibb xidməti daxildir.

Məlumat üçün qeyd edək ki, sentyabr ayının 27-dək fəaliyyət göstərəcək Səyyar "ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. "ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin "ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə yaradılıb.

Səyyar "ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.












GOYEZEN.AZ


Geri qayıt