Əsas Səhifə > Rəsmi > ASAN xidmət Qazaxda

ASAN xidmət Qazaxda


30-05-2018, 12:06
ASAN xidmət  Qazaxda
Bu gün ASAN xidmət Qazaxda fəaliyyətə başlayıb. “Ehtiyat Səyyar ASAN 2 xidməti"n nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmətlərin göstərilməsi məqsədilə rayonumuza gəliblər. Vətəndaşlara səyyar xidmət Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) göstərilir.

Xidmətin qrup rəhbəri Elmar Ələsgərov GOYEZEN.AZ portalına məlumat verərək bildirib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.

Bu xidmətlərə azərpoçta dövlət rüsumlarının ödənilməsi, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər funksional yardımçı xidmətlər daxildir.

Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məlumat üçün bildirək ki, "Ehtiyat Səyyar ASAN 2 xidmət"i 2018-ci il iyunun 28-dək vətəndaşlara xidmət göstərəcək.

Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

ASAN xidmət  Qazaxda
ASAN xidmət  Qazaxda
ASAN xidmət  Qazaxda

Geri qayıt