Qazaxlı gənclər vətənə məhəbbət ruhunda tərbiyə olunurlar » Göyəzən internet portalı


Qazaxlı gənclər vətənə məhəbbət ruhunda tərbiyə olunurlar

Qazaxlı gənclər vətənə məhəbbət ruhunda tərbiyə olunurlar
Qazax rayonu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan 283 şəhid vermişdir. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən bu igid övladların xatirəsi həmişə qədirbilən qazaxlılar tərəfindən əziz tutulur.

Gənc nəslin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayan şəhidlərin həyatı və göstərdikləri igidliklər onlara daim örnək kimi nümunə göstərilir. Həyata keçirilən tədbirlər müharibə şəraitində yaşayan Qazaxda böyüyən gənc nəslin təlim-tərbiyəsində, onların Vətənə məhəbbət ruhunda böyüməsində böyük rol oynayır. Məhz bunun nəticəsidir ki, 2016-2017-ci tədris ilində rayon məzunlarından 12 nəfəri Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2 nəfəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 5 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 2 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfəri Dövlət Təhlükəsizlik Xidmətinin, 1 nəfəri isə Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olmuşdur.

Rayonda gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün həyata keçirilən çoxsaylı tədbirlərin nəticəsidir ki, rayon gəncləri həqiqi hərbi xidmətə də böyük həvəslə gedirlər. Bu günlərdə keçirilən yolasalma mərasimində də əsl izdiham yaşanmışdır. Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev Azərbaycan Ordusunun keçdiyi çətin və şərəfli yoldan danışmış, gündən-günə mətinləşən, maddi-texniki bazası möhkəmlənən ordumuzun düşmənə hər an zərbə vuraraq işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, indi Silahlı Qüvvələrimiz Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini gözləyir.

Qazax şəhər 2 nömrəli orta məktəb şagirdlərinin vətənpərvərlik mövzusunda səsləndirdikləri şeirlərdən sonra gənclər üçrəngli Azərbaycan bayrağını öpərək altından keçmiş və onlar üçün ayrılmış avtobuslara əyləşərək hərbi hissələrə yola düşmüşlər.

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzeti
30 iyul 2017-ci il


Facebook-da paylaş