Qələbə parkı Qələbə gününü gözləyir » Göyəzən internet portalı


Qələbə parkı Qələbə gününü gözləyir

Qələbə parkı Qələbə gününü gözləyir
9 May faşizm üzərində Qələbə günü dünyanın bir çox ölkələrində qeyd olunur. Düz 72 il bundan qabaq bütün bəşəriyyət faşizm adlı bir bəladan xilas olmuş, dünyanı məhv edə biləcək bu bəla yer kürəsinin üzərindən götürülmüşdür. Düzdür, bu yolda milyonlarla insan öz həyatını itirmiş, yüz minlərlə adam yaralanmış, şikəst olmuşdur. Bütün bu itkilərə, bütün bu ağrılara baxmayaraq bəşəriyyət qanlar bahasına elə bir bəladan xilas olmuşdur ki, onu deməyə sözün belə gücü çatmır.
Qələbə parkı Qələbə gününü gözləyir
Böyük Vətən Müharibəsi adlanan 4 illik müharibədə SSRİ-nin tərkib hissəsi olan Azərbaycan da iştirak etmiş, bu savaşda həm itkilər vermiş, həm də müharibənin çətinliklərini, təminatının ağırlığını öz üzərinə götürmüşdür. Həmin savaşda biz atalarımızı, əmi və dayılarımızı itirmiş, əzizlərimizi qurban vermişik.

Mənim kimi ötən əsrdə doğulanlar ilin bu gününü həmişə qələbə bayramı kimi qeyd etmişik və bu ənənə bu gün də davam edir. Amma... bəli mənim demək istədiyim söz elə bu üç nöqtədən sonra başlayır. Amma biz bu gün öz Qələbəmizin, öz Zəfərimizin həsrətindəyik. Artıq neçə illərdir ki, həmin o şanlı, şöhrətli günü gözləyirik.

72 il bundan öncə bəşəriyyət faşizm bəlasından xilas oldu. Bəs görəsən yer kürəsi faşizmdən də qat-qat təhlükəli və bəlalı, sağalmaz olan ermənizmdən nə zaman qurtulacaqdır? Bu sualın cavabı isə hələ də verilməyib.

Bu gün mən Qazaxdakı Qələbə parkına ilk qədəm qoyan andan bu duyğular içimdə qaynamağa, məni sözün əsl mənasında silkələməyə başladı. Və ürəyimdən bu yaz günü kimi gözəl, tərtəmiz saf bir arzu gəlib keçdi - Azərbaycanın Qələbə günü-arzusu. Elə bu arzu, bu istəklə də Qələbə parkını lentə alıb redaksiyaya qayıtdım.

Parkdan çıxanda dedim ki, az qalıb bizim Qələbə günümüzə. Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılacaq Azərbaycanın Qələbə Gününə. Bax o zaman mən bu Qələbə parkına gəlib dünyanın ən böyük çiçək çələngini qoyacağam bu abidənin önünə. Azərbaycanın Qələbə Gününü qeyd edəcəyəm. Az qalıb... özü də çox az.

Qələbə parkı Qələbə gününü gözləyir
Qələbə parkı Qələbə gününü gözləyir
Qələbə parkı Qələbə gününü gözləyir
Elçin İSMAYIL


Facebook-da paylaş