Dəm qazından qorunmaq mümkündürmü?!
Son illər informasiya mübadiləsinin
tempinin artması dünyada və o cümlədən, respublikamızda baş verən hadisələrin haqqında
məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir.
Baş verən hər hansı qəza, təbii fəlakət kimi hadisələr anında ötürülür,
yayılır. Bu səbəbdən də bəzən sanki bu və ya digər hadisələrin intensivləşməsi
əvvəlki illərə nəzərən çox dəfə artması kimi qəbul olunur. Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin apardığı statistikalarda yanğın
hadisələrinin sayının, bu hadisələrdəki insan tələfatının, dəyən maddi
ziyanların uçotunda heç də göstəricilərin pisləşməsinin şahidi olmuruq. Sanki
hər sahədə bədbəxt hadisələrin, arzuolunmaz halların sayının artması görüntüsü
məhz internetin inkişafı, məlumatlar mübalidəsinin sürətlənməsi, cəmiyyət
üzvlərinin həssaslığının artması ilə əlaqədardır. Narahat doğurucu hadisələrdən biri də dəm qazından
zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır. Bir
nəfər belə Azərbaycan vətəndaşının yaxud Azərbaycan Respublikası ərazisində dəm
qazından zəhərlənərək ölən əcnəbinin olması faktı özü-özlüyündə bir faciədir.
Dəm qazı ən sadə başa düşüləcək dildə təbii qazın və digər yanacaq növlərinin
(odun, kömür və s.) natamam yanması səbəbindən ayrılmış qarışıqlı qazın
tənəffüs orqanlarına düşməsindən zəhərlənməyə və ölümə səbəb olur. Bəs tam
yanmamaya səbəb nədir, ayrılan qarışıq zəhərləyici qaz kütləsi niyə yanma
mənbəyindən xüsusi quraşdırılmış şaxta boru ilə kənarlaşdırıla bilmir?!
Doğurdanmı, dəm qazından tam müdafiə olunmaq mümkün deyil?! Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğın Nəzarəti Xidməti əhaliyə müraciət etmişdir: Dövlət Yanğın Nəzarəti Xidməti olaraq, birmənalı
aşağıdakı tövsiyələrə əməl olunarsa, bu öldürücü qazdan qorunmaq mümkündür
deyirik: • Heç bir halda qeyri-standart işlədicilərdən istifadə
olunmamalıdır; • Standart işlədicilərin iş prinsiplərinə əməl
olunmalı, onların funksional quruluşuna müdaxilə edilməməlidir; • Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış
müəssisəyə, professional ustaya müraciət olunmalıdır; • Su qızdırıcıları - binaların qızdırılması üçün
istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında
"pyatiminutka”, "kolonka”, "kombi”, "ariston” və s. kimi adlandırılan hər bir
qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı,
yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada
qurulmalı - montaj olunmalıdır; • İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə
tutulan şaxta - baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və s.
təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir; • Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul
edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və
işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa,
əməl edə bilməmisinizsə, duş olan otaqda hökmən nəfəslik - kiçik ölçülü
pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır. Nəfəslik
vardır və qapalıdırsa, bunun Sizin təhlükəsiz duş qəbulunuza faydası olmayacaq,
nəfəslik açıq olmalıdır ki, dəm qazı ayrılması varsa, o qazlar hermetik qapalı
mühitdə çox toplanıb ölüm gətirəcək həddə çata bilməsin, nəfəslik açıq
olmalıdır; • Evdə iki nəfərsinizsə, birinin duş qəbuluna
ikincinin köməyi qaçılmazdırsa, hər ikisinin eyni vaxtda duş qəbulu otağında
olması da yolverilməz hal hesab olunur, belə situasiyalarda da duşdan kənar
şəxsin olması və onun duş otağındakıların halına nəzarət etməsi vacibdir. • Tövsiyələrimiz qəribə səslənsə də çoxillik
fəaliyyətimizdə və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin
şahidi olmuşuq və bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi
halları yetərincə baş vermişdir; • Evində fərdi qaydada su qızdırıcısı sistemindən
istifadə edən varsa, evdəkilər tərəfindən mütəmadi olaraq duş qəbul edənin –
suyun yox, məhz duş qəbul edənin səsini eşitməklə onun vəziyyətinin
yoxlanılması vacibdir. Dəm qazından zəhərlənən meyxoşcasına huşunu itirir,
duş əvvəlki qaydada axan suya xas olan səsi verməklə axmaqda davam edir,
zərərçəkən daha çox bu mühitdə öldürücü qazla tənəffüs edir, qanda zəhərli
maddələrin miqdarı artır, krizis güclənir, təəssüflər olsun ki, ölüm hadisəsi
baş verir. Zəhərlənmənin ilk anlarında hadisənin aşkarlanması,
zərərçəkənin dərhal təmiz havaya çıxarılması və vəziyyətindən asılı olaraq
ilkin tədbirlərin görülməsi zamanı təhlükə aradan qaldırıla bilir; • Heç bir halda mətbəx qaz plitə - sobalarından
mənzilin qızdırılması üçün istifadə etməyin; Hörmətli sakinlər! Qazla,
elektriklə, odla ehtiyatlı olun, məişətimizin və sivilizasiyamızın ayrılmaz
tərkib hissəsinə çevrilmiş olan bu enerji daşıyıcıları onlarla düzgün rəftar
etmədikdə qatilə çevrilir, amansızlıqla öldürə bilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
• Fərdi qaydada su qızdırıcısı ilə təmin olunan ev və mənzillərdə şəxsin evdə
tək olması zamanı duş qəbul etməsi tövsiyə olunmur, çünki, dəm qazından
zəhərlənmə baş verəcəyi halda zərərçəkənin xilas olması üçün kənar şəxsin və ya
şəxslərin köməyi zəruridir. Daha konkret desək, evdə, mənzildə təksinizsə, duş
qəbulundan vaz keçin, bunu evdə kiminsə olacağı vaxta salın;
• Qaz plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım,
yaxud çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk
etməyin;
• Mətbəx qaz plitələrinin üstündəki hava sorucu (aspirator) sistemin müstəsna
əhəmiyyəti olduğunu unutmayın, hər zaman plitəni alışdırırsınızsa hava sorucunu
da dərhal qoşun! Bu sizi həm qoxudan, həm ayrılan buxarlardan, ən vacibi həm də
ayrılan zəhərli maddələrdən – dəm qazı tərkibli ayrıntılardan qoruyur!
Facebook-da paylaş