Zibilxanaların, kol-kosun yandırılmasının qarşısı alınmalıdır!
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə hardasa
zibilliklərin, kol-kosun yanması ilə bağlı hər gün məlumat daxil olur. Yaşayış
evlərində, iri ticarət müəssisələrində, zavodlarda və digər böyük obyektlərdə
baş verən yanğınlar insanları həyəcanlandırdığı halda, zibilliklərin, kol-kosun
yanması çoxlarına əhəmiyyətsiz görünür. Əslində isə hər bir yanğın fövqəladə
hadisədir. Yanğının böyüyü, kiçiyi yoxdur. Çünki çox vaxt böyük yanğınlar kiçik
yanğınlardan törəyir. Əgər yol kənarında kol-kos yanaraq meşəyə keçirsə və yüzlərlə
hektar meşə sahəsi məhv olursa, yaxud biçilmiş, məhsulu yığılmış taxıl sahəsi
yandırılırsa və bu yanğın ot tayasına, evə keçirsə və ekologiyaya ziyan dəyirsə,
buna əhəmiyyətsiz yanğın demək olmaz. Fövqəladə Hallar Nazirliyində "112” qaynar xəttinə daxil
olan hər bir məlumata, o cümlədən yanğın hadisəsinə fövqəladə hadisə kimi çox
önəm verilir. Yanğın haqqında məlumat daxıl olan kimi dərhal Dövlət Yanğından
Mühafizə Xidmətinin hadisəyə ən yaxın məsafədə yerləşən yanğın hissəsi məlumatlandırılır.
Həyəcan siqnalını hər saniyə hazır vəziyyətdə gözləyən əməkdaşlar heç bir dəqiqə
keçməmiş hadisə yerinə yollanırlar. Yanğının həcmi kiçik olsa da vaxt itirilir,
əmək, yanacaq sərf olunur, dövlət vəsaiti xərclənir. Biz hələ hər yanğından
sonra yanğın avtomobilinin yenidən su ilə doldurulmasını, yuyulub təmizlənməsini,
yanğın şlanqlarının qurudulmasına sərf olunan yanğınsöndürən əməyini demirik. Axı
onlar bu enerjini, əməyi insanların səhlənkarlığı, bəzən də qəsdən yandırdığı
zibilliklərin, qurumuş kol-kosun, biçilmiş taxıl sahələrinin söndürülməsinə
deyil, digər baş verən yanğınların söndürülməsinə sərf edə bilərlər. Göründüyü kimi, məişət tullantılarının, qurumuş kol-kosun,
biçilmiş taxıl sahələrinin yandırılması yolverilməzdir və bu kimi yanğınlar ya
onun törədəcəyi fəsadları bilməməzlikdən, yaxud da bilərəkdən törədilir. Əkin sahələrinin yandırılması, həmçinin
nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit
qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının
pozulmasına gətirir. Həmçinin əkin sahələrinin, qurumuş kol-kosun yandırılması
yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində
yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin
sıradan çıxmasına səbəb olur. O cümlədən mazut gölməçələrinin də yandırılması
ekologiyanın çirklənməsinə, insanların sağlamlığına təsir edir. Odur ki, əhali
və yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada
maarifləndirmə və təbliğat işləri aparılmalı, bu cür yanğınların qarşısı
alınmalıdır. FHN DYNX Yanğına Qarşı Təbliğat şöbəsi
Facebook-da paylaş