Səyyar “ASAN qatar” Qazaxda bu günə kimi 4000-dən çox sakinə xidmət göstərib
Ötən yazılarımızda da qeyd
etdiyimiz kimi, sentyabrın 2-dən başlayaraq Səyyar
"ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında
rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərir. Ölkə Prezidenti İlham Əliyevin
tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda
vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki
avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”da vətəndaşlara yüksək
səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu cür xidmətlərin
təşkil olunmasında əsas məqsəd isə dövlət xidmətlərinin vətəndaşlar üçün daha
rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region
sakinlərinin məmnunluğuna nail olmaqdır. 3 vaqondan ibarət qatarda səyyar
şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən təqdim olunur. Sakinlərə 30 gün müddətində səyyar
formada göstərilən xidmətlərə - torpaq üzərində mülkiyyət hüquqlarının
təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin
planının və ölçüsünün verilməsi, "Azəriqaz" İB tərəfindən göstərilən
xidmətlər, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və
xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına
alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının
dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri
(fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə
çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının
təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi,
şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir. Səyyar "ASAN qatar”ın
qrup rəhbəri Elgiz Həsənovun GOYEZEN.AZ saytına verdiyi məlumata əsasən bu günə kimi, müraciət etmiş 4426 nəfərdən 4210 nəfərə xidmət
göstərilib. Qrup rəhbəri əsasən vətəndaşların ümumvətəndaş pasportlarının
verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və
dəyişdirilməsi, notariat fəaliyyəti ilə bağlı müraciət etdiklərini qeyd
edib. Məlumat üçün bildirək
ki, oktyabr ayının
1-dək fəaliyyət
göstərəcək Səyyar
"ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar
fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Facebook-da paylaş