• Təqvim

  • Unutma

  • Maraq



Bu gündən Səyyar “ASAN qatar” üçüncü dəfə Qazaxda vətəndaşlara xidmət göstərəcək


Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”ların bölgələrimizdə vətəndaşlara xidmət göstərməsi artıq bir ənənə halını alıb.

İlk dəfə olaraq 2017-ci ildə fevralın 1-dən 15-nə kimi Qazaxda fəaliyyətə başlayan Səyyar "ASAN qatar”ın əməkdaşları tərəfindən sakinlərə göstərilən xidmətlərdən vətəndaşlar bu gün də razılıq edirlər. İkinci dəfə, 2018-ci ilin sentyabrayının 3-dən 27-dək Qazaxda fəaliyyət göstərən Səyyar "ASAN qatar”ın vətəndaşlara göstərdiyi xidmətlər bir daha göstərdi ki, dünyada brend kimi tanınan "ASAN xidmət”in nüfuzu ildən-ilə artır. Eyni zamanda da vətəndaş məmnunluğuna xidmət edir.

Bu il isə artıq 3-cü dəfə olaraq Səyyar "ASAN qatar” Qazaxda sentyabr ayının 2-dən oktyabr ayının 1-dək Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında növbəti dəfə rayon sakinlərinə xidmət göstərəcək.

Səyyar "ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov GOYEZEN.AZ-a bildirib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Qeyd edib ki, Səyyar "ASAN qatar” vasitəsilə sakinlərə 30 gün müddətində səyyar formada göstərilən xidmətlərə - torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir.

3 vaqondan ibarət Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Səyyar "ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.







Facebook-da paylaş