• Təqvim

  • Unutma

  • Maraq



“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi layihə çərçivəsində Qazaxda tədbir keçirib


Bu gün Qazaxda Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində tədbir keçirilib. "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirdə layihənin məqsəd və əhəmiyyətindən söz açılıb. Qeyd olunub ki, "Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsinin əsas məqsədi Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək lider qadınlar şəbəkəsinin yaradılmasıdır.

Şəhid Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul işçiləri, AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova, "Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin rəhbəri, Bakı şəhər, Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədr müavini və "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, rayon ziyalıları, bələdiyyə sədrləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, bugünkü tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib. G.Həsənova rayonda 17 bələdiyyənin fəaliyyət göstərdiyini, bir bələdiyyə sədrinin isə qadın olduğunu və həmin bələdiyyələrdə xeyli sayda qadın üzvlərin çalışdığını diqqətə çatdırıb. Bugünkü tədbirin həmin qadın bələdiyyə üzvlərinin öz hüquq və bacarıqlarının öyrənilməsində, gender bərabərliyinin təmin olunması sahəsində maariflənmələri baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.  

Sonra "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova layihə haqqında məlumat verərək qeyd edib ki, əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. L.Xəlilova layihənin Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa və Qazax rayonu olmaqla 9 regionda icra olunduğunu bildirib. Layihə tədbirlərinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas tərəfdaş olduğunu diqqətə çatdırıb.


Layihə rəhbəri vurğulayıb ki, layihənin fəaliyyətlərinin icrası nəticəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi 5-ci Məqsəd və xüsusilə 5.5-ci hədəfi Qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam və effektiv iştirakının və bərabər imkanların təmin olunması barədə ictimaiyyətin biliklərinin artırılmasına, 2019-cu il bələdiyyə seçkilərində qadın namizədlərin sayının və bacarıqlarının inkişaf etdirilməsinə, qərarların qəbul edilməsi prosesində qadınların iştirakını dəstəkləmək üçün potensial namizədlərin, müşahidəçilərin, seçicilərin, işgüzar qadınların və digər mütəxəssislərin şəbəkəsinin genişləndirməsinə və qadınların qərarvermə prosesinə medianın marağının (işıqlandırma) və aktivliyinin yüksəldilməsinə nail olmaqdır.


AQUPDK-nin sədr müaviniSədaqət Qəhrəmanova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Komitə olaraq ailə ilə iş və gender bərabərliyi sahəsində görülən işlərdən söz açıb. Respublika Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə yaradılmış və nazirlik səlahiyyətlərinə malik olan Komitənin qadın hüquqları və səlahiyyətlərinin genişləndirilməsinə aid bütün aspektlər üzrə dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsinə məsuliyyət daşıyan yeganə milli mexanizm hesab olunduğunu qeyd edib.

S.Qəhrəmanova tədbirdə erkən nikah, onun törətdiyi fəsadlardan və aradan qaldırılması yollarından da danışıb. Qeyd edib ki, yerlərdə bələdiyyələr güclü olmalıdır ki, vətəndaşlara onları narahat edən məsələlərdə kömək edə bilsinlər. Qadınların cəmiyyətə tutduqları mövqelərindən danışan sədr müavini qadın iştirakçılara bəzi tövsiyələrini də bildirib. O, cəmiyyətdə müəyyən bir mövqeyə sahib olan qadının daim nümunəvi olmasını söyləyib. Qadınlara dövlətinə, ölkə başçısına sadiq olduqlarını öz nümunəvi əməlləri ilə sübut etməyi tövsiyə edib.

Məruzələr dinlənildikdən, müvzu ətrafında geniş müzakirələrdən sonra iştirakçılar tərəfindən bir sıra təkliflər səslənib. Qazax Rayon Qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova, Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Yasin Əkbərov, Kənd Təsərrüfatı İçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Fərhad Qocamanov, "Labmed Tibb Mərkəzi” MMC-nin direktoru Turan Axundova və başqaları çıxış edərək öz təklif və tövsiyələrini bildirib, bugünkü tədbirin təşkilinə görə layihədə əməyi keçən insanlara minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.







 

GOYEZEN.AZ



Facebook-da paylaş