• Təqvim

  • Unutma

  • Maraq



YAP Qazax Rayon Təşkilatında 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib


Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Təşkilatın akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər iştirak ediblər.

YAP Qazax Rayon Təşkilatının sədri Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 ili tamam olur. Ötən il isə ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Cümhuriyyət ili” elan edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illi təntənə ilə qeyd olundu.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.


Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək vurğulayıb ki, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından artıq 101 il ötür. 28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirdi. Azərbaycan Demokratik Respublikası süquta uğrasa da 1918-ci ildə onun Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu. M.Alıyev qeyd edib ki, ulu öndərin dediyi kimi "Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı.

M.Alıyev qeyd edib ki, bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, "Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.

Sonra YAP Qazax Rayon Təşkilatında məsləhətçi Polad Ağakişiyev, Bakı Dövlət Universiteti Qazax filialının tarix müəllimi Ülviyyə Bayramova, YAP Qazax rayon təşkilatı İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Tahirə Xasməmmədova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Tərlan Bədəlova, kollecin maliyyə işi fakültəsinin I kurs tələbəsi Tutu Qocayeva, N.Vəliyev adına şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Nuriyyə Nuriyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açaraq öz arzu və istəklərini bildiriblər.








GOYEZEN.AZ 



Facebook-da paylaş