• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 4978 nəfər yararlanıb


Bu gün ölkə hüdudlarından kənarda da brendə çevrilən, vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” qısa müddətdə ölkəmizdə əhalimizin inamını və rəğbətini qazanıb. Bütün dünyada kifayət qədər tanınan və öyrənilən, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti ilə seçilən "ASAN xidmət”in üstün cəhətlərindən biri də respublikamızın bütün bölgələrini əhatə etməsidir. "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda da sakinlərə xidmət göstərilməsidir.

Hər il olduğu kimi, bu il də Qazax rayon sakinləri "ASAN xidmət”in fəaliyyətindən yararlanıblar. 15 aprel-4 may 2019-cu il tarixlərində rayonumuzda olan Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri artıq işini başa vurub. 20 gün müddətində səyyar şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu rayonların sakinləri də razı qalıblar. Səyyar "ASAN xidmət”in nümayəndələri  tərəfindən göstərilən xidmətlərdən 4978 nəfər yararlanıb.

Vətəndaşlara Səyyar "ASAN xidmət”in nümayəndələri  texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında (mərkəzi poçtla üzbəüz) səyyar xidmət göstəriblər. Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunub. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxil edilib.

Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilib. Bununla yanaşı, vətəndaşlar "Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana biliblər.

Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi isə dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

                                                                                                                                  GOYEZEN.AZ



Facebook-da paylaş