İcra nümayəndələri yerlərdə hesabat verir » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



İcra nümayəndələri yerlərdə hesabat verir

İcra nümayəndələri yerlərdə hesabat verir
“Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq Qazax rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları başlayıb.

Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şura üzvləri, aparatın şöbə müdirləri və məsul işçiləri iştirak edirlər.

Rayonun Aşağı Əskipara, Çaylı, Barxudarlı, Hüseynbəyli, Alpout və Yuxarı Əskipara kəndləri üzə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilib.

Çaylı kənd İƏD üzrə nümayəndəliyinin gördüyü işlər barədə icra nümayəndəsi Ceyhun Binnətov hesabat verərək bildirib ki, ötən il ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti-abadlıq və yenidənqurma işləri aparılıb. Qazax Tarix-Diyarşünaslıq Muzeyi, uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolu, Birinci Şıxlı kəndində Kəndli Fermer Təsərrüfatı, 110/35/ kv-luq Daş Salahlı yarımstansiyası tikilib istifadəyə verilmişdir. Ötən il həmin obyektlərin açılışında Prezident İlham Əliyev iştirak etmişdir.

Nümayəndəliyin əhatə etdiyi Çaylı və Kommuna kəndləri də dövlətimizin və rayon rəhbərliyinin tam qayğısı ilə əhatə olunmuşdur. İcra Başçısı Rəcəb Babaşovun köməyi ilə kəndin aztəminatlı ailələrindən olan Lalə Qocayevanın evinə qaz xətti çəkilmiş, təzə məhəllə adlanan yaşayış massivinin yollarına qum-çınqıl döşənmiş, Çaylı kənd 1 saylı tam orta məktəbin əsas korpusu əsaslı təmir edilmiş, 1 ədəd subartezian quyusu qazılmışdır. Kəndi suvarma suyu ilə təmin edən 2 arxın 5,4 km uzunluğunda sahəsi təmizlənmişdir. Kənd qəbiristanlığının ətrafının 940 metr hissəsinə metal tordan hasar çəkilmiş və yardımçı tikililər aparılmışdır. Kəndin mərkəzindən keçən 6 km uzunluğunda yola asfalt qoyulması işləri başa çatmaq üzrədir.

Sonra çıxışlar olub. Kənd sakinlərindən Tahirə Həsənova, Vaqif Musayev, Xasməmməd Qocayev, Qurban Rəhimov, Fərrux Novruzov və başqaları çıxış edərək kənddə yeni bağçanın tikilməsi, zavod ətrafı deyilən məhəlləyə su xəttinin çəkilməsi, su arxlarına atılan tullantıların təmizlənməsi, su arxlarının zəbt olunmuş ərazilərinin boşaldılması, kəhriz su xətlərinin təmizlənməsi və s. təkliflər irəli sürmüşlər.

Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyinin hesabatında da Ölkə Prezidenti İlham Əliyev və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğı, göstərilən köməkliklər barədə məlumat verilib.

Bildirilib ki, Dövlət Proqramına uyğun olaraq ötən il rayonda məcburi köçkün ailələrinə 304 mənzilli yeni yaşayış binası tikilib istifadəyə verilmiş və qəsəbə salınmışdır. Bununla da məcburi köçkün ailələrinin mənzil şəraiti yaxşılaşdırılmışdır.

Orada məskunlaşan məcburi köçkün ailələrindən 220-si Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəlikdən olan ailələrdir. Onlar qəsəbədə hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Az vaxt ərzində İcra Başçsının onlarla 15 dəfə görüşü keçirilmişdir. Məcburi köçkünlərin yaşadıqları bütün ərazilərdəki yollar təmir edilmiş, onların bütün problemləri həll edilmişdir. Şəhərciyə İcra Başçısı tərəfindən 360 yerlik mərasim çadırı verilmişdir.

Sonra çıxış edən kənd sakinləri Əlağa Süleymanov, Xanım Poladova, Şəfiqə Mustafayeva, Sarvan Əhmədov və Əziz Həsənov tərəfindən qəsəbədə uşaqlar üçün atraksionların quraşdırılması, su təmizləyici qurğunun işə salınması, aptekin açılması, məcburi köçkünlər üçün limitin “smart” tipli qaz sayğacına yüklənməsi və s. təkliflər səsləndirmişlər.

Alpout kənd İƏD
üzrə icra nümayəndəsi Murğuz Alıyev hesabatında bildirib ki, Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəcəb Babaşov Qazax rayonuna icra başçısı təyin olunduqdan sonra rayonda tikinti-abadlıq işləri geniş vüsət almışdır. İcra Başçısı Rəcəb Babaşov az vaxt ərzində kənd sakinləri ilə 6 dəfə görüş keçirmiş və hər görüşdən sonra kəndin hansısa problemi həll olunmuşdur.

Yol kənarında olan artezian quyusundan əhalinin içməli suya olan tələbatını ödəmək üçün kəndin mərkəzinə 700 metr uzunluğunda su xətti çəkilərək 25 tonluq su çəni qoyulmuş və yeni bulaq tikilmişdir. Alpout arxının 11,8 km hissəsində təmizlik işləri aparılmışdır. Pay torpaqlarının suvarılması üçün 5 ədəd su ayrıcları qoyulmuş, kəndarası yollara qum-çınqıl döşənərək təmir edilmişdir, 300 metr rabitə xətti yenisi ilə əvəz olunmuşdur.

Kənd təsərrüfatı bitkiləri əkən 211 nəfər əkinçiyə 20222 manat subsidiya ödənilmişdir. Bu il kənddə ötən ilə nisbətən əkin sahələri artırılmışdır.

Kənd sakinlərindən Nizami Mehdiyev, Əhəd Nəbiyev, Kamal Mehdiyev, Sakibə Nəbiyeva, Şəadət Qurbanov və Polad Ağakişiyev çıxış edərək öz təkliflərini söyləmişlər.

Hüseynbəyli kənd İƏD üzrə icra nümayəndəsi Adil Nuriyev 2016-cı ilin yekunlarına dair geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən il respublikamızın hər yerində olduğu kimi Qazax rayonu üçün də uğurlu olmuşdur. Rayonda tikinti-abadlıq, yenidənqurma, bərpa-quruculuq işləri daha da genişləndirilmişdir. Rayonda qısa müddət ərzində bir sıra istehsal və sosial yönümlü obyektlər tikilib istifadəyə verilmişdir. Qazax şəhəri və kəndlərimiz abadlaşdırılmışdır.

İcra Başçısı Rəcəb Babaşov tez-tez Hüseynbəyli və Canalı kəndlərində olmuş və əhalini narahat edən problemlər yerindəcə həll olunmuşdur.

Kəndarası və kəndi rayonla birləşdirən mərkəzi yolda, kənd qəbiristanlığında təmir, abadlıq və təmizlik işləri aparılmışdır. Kəndin su arxları kol-kosdan təmizlənmişdir. Yol kənarlarına yeni ağaclar əkilmişdir.

Canalı kəndinin mərkəzindən keçən 10 km uzunluğunda Qazax-Kosalar avtomobil yolu yenidən tikilmişdir. Nümayəndəliyin binası, uşaq bağçaları və kitabxana binası təmir edilmiş, 1 ədəd subartezian quyusu qazılmış, “R-2”, “Aynalı”,”Zor” arxlarında 2810 metr məsafədə təmizlik işləri aparılmışdır. Kənd qəbiristanlığının ətrafına metal tordan hasar çəkilmişdir.

Kənd sakinlərindən Rabit Kazımov, Kamandar Xudiyev, Novruz Alcanov, Rüfət Mustafayev, Niyazi Hüseynov, Həsən Əmiraslanov və başqaları çıxış edərək Hüseynbəyli və Canalı kəndlərinin bəzi sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini bildirmişlər.

Hesabat yığıncaqlarında irəli sürülmüş təkliflərin icrası ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə lazımi tapşırıqlar verilib.

Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti Başçısının müavinləri Tahir Musayev, Gulaya Həsənova, RİHB Aparatınta şöbə müdirləri Məmməd Alıyev, Gündüz Abışov, şöbə müdirinin müavini Yaşar Əfəndiyev, məsul işçilər Barat Vəliyev, Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.

GOYEZEN.AZ


Facebook-da paylaş