“Qadına şiddətə yox deyək” adlı dəyirmi masa keçirilib
Qazax rayon Gənclər və
İdman İdarəsinin təşkilatçılığı ilə "Qadına şiddətə yox deyək” adlı dəyirmi
masa keçirilib. Mədəniyyət Mərkəzinin akt zalında keçirilən tədbirdə
təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayonda təhsil alan tələbələr, fəal gənclər
iştirak ediblər. Gənclər və İdman İdarəsinin rəis müavini Sahib
Namazov tədbiri giriş sözü ilə açaraq ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan, Azərbaycanda insan hüquqları, xüsusilə
də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasətin aparılmasından
danışıb. Beynəlxalq aləmdə qadın və uşaqlara qarşı zorakılıqla mübarizənin aktual
bir problem olduğunu bildirib və sağlam cəmiyyətin formalaşması üçün şiddətə qarşı
geniş şəkildə mübarizə aparmağın zəruriliyini vurğulayıb. Sonra fəal gənc rəssam
Akif Əmirov, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Bakı Dövlət
Universitetinin Qazax filialının sosial iş üzrə müəllimi Gülnar Nəzərova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq
və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva,şəhid kapitan
Mühüd Orucov adına tədris mərkəzinin direktoru Gülanə Hüseynova, Mədəniyyət Mərkəzinin
mədəni təşkilatçısı Nailə Əliyeva çıxış edərək cəmiyyətin ictimai həyatında
qadınların mövqeyi və rolu barədə danışıblar. Çıxışlarda qadın zorakılığının səbəbləri və
ona qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlərdən söz açılıb.
Bildirilib ki, dünyada hər üç qadından biri fiziki zorakılığa məruz qalır. Cinsi
zorakılığa məruz qalanların sayı isə daha çoxdur. Heç bir ölkədə qadınlar
zorakılıqdan azad deyil. Bunun əsas səbəbləri kimi maddi vəziyyətin aşağı
olması, narkotik və içki aludəçiliyi göstərilir. Dünya ictimaiyyətinin
narahatlığına səbəb olan ən ağrılı problemə qarşı birgə addımların atılması
üçün BMT Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına Qarşı
Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə,
eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər
həyata keçirilir. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev qadınların ən böyük dəstəkçilərindən olub. Respublika Prezidenti İlham
Əliyev, Birinci-vitse prezident Mehriban Əliyeva öz çıxışlarında daim bu
mövzuya yer ayırıblar. Çıxış edənlər vurğulayıblar ki, hər kəsi
qadın zorakılığına son verməyə səsləməli, qadına mərhəmət, nəvaziş göstərməyi
alqışlamalı, zərif cinsin nümayəndələrinə qarşı istər fiziki, istərsə də
psixoloji şiddəti kəskin qınamalıyıq. Hər kəsi bu önəmli mübarizədə fəal
olmağa, zorakılığa məruz qalan qadınlara yardım əli uzatmağa çağırmalıyıq. Sonda
iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Facebook-da paylaş