• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətində məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilib. Dəyirmi masa ətrafında keçirilən iclasda Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin nümayəndələri, məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin üzvləri iştirak ediblər.

RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, keçirilən iclasın məqsəd və əhəmiyyətindən söz açıb. Rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlərdən danışıb. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində məqsədyönlü işlərin görüldüyünü, yeni istehsl müəssisələrinin, sosial obyektlərin inşa olunduğunu bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bu dediklərimizin əyani sübutu olduğunu bildirib. Qeyd edib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 105 nəfərin işlədiyini bildirən A.Hümbətov yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. Bütün bunlar əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması deməkdir.


Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin nümayəndələri Nərmin Zeynalova və Nicat Rəhmanlı çıxış edərək Respublika Prezidenti İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” hazırlandığı və həmin planın icrasının səmərəliliyini təmin etmək məqsədilə görülən işlər barədə məlumat veriblər. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin yerli icra hakimiyyəti orqanları ilə sıx əlaqəli formada çalışdıqlarını, mütəmadi olaraq bölgələrdə silsilə iclaslar keçirdiklərini qeyd ediblər. İclasın məqsədindən, əhəmiyyətindən, əhalinin məşğulluğunun təmin oluması istiqamətində qarşıda duran vəzifələrdən söz açıblar.

Mövzu ətrafında çıxış edən Qazax rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov, Qazax Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov rayonda bu sahənin daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Rayonda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıblar.

İclasda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr və görüləcək işlər müzakirə olunub.






GOYEZEN.AZ

 

 



Facebook-da paylaş