• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda fəaliyyət göstərən Səyyar “ASAN qatar” körpələri sevindirməkdə davam edir

 


Xəbər verdiyimiz kimi, 3 sentyabr tarixindən etibarən Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə xidmət göstərməyə başlayıb.

İstər əhaliyə yüksək səviyyədə xidmət göstərmələri, istərsə də  "ASAN qatar” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün hər cür şərait yaradılıb.

Səyyar "ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov məlumat verərək bildirib ki, Səyyar "ASAN qatar”ın fəaliyyətə başladığı andan bu günə kimi müraciət etmiş 2280 nəfərdən 2238 nəfərə xidmət göstərilib. Eyni zamanda, rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçasında, eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqlara da xidmət göstərildiyini bildirib. Ötən həftə 4 uşaq bağçasından 59 nəfər körpə fidana ödənişsiz şəxsiyyət vəsiqələrinin təqdim olunduğunu bildirib.

Qrup rəhbəri bu gün rayonun daha 8 uşaq bağçasında bu aksiyanın davam etdirildiyini qeyd edib. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında təşkil olunmuş aksiyada bu bağça ilə yanaşı, Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçası, Qazaxbəyli kənd uşaq bağçası, Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 2 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 3 saylı uşaq bağçası, Hüseynbəyli kənd uşaq bağçası və Canalı kənd uşaq bağçasından olan uşaqlar da iştirak edib. 8 bağçadan 75 nəfər uşaqdan ödənişsiz olaraq şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi üçün qan analizi götürülüb və sənədləri qəbul edilib. Qrup rəhbəri qısa bir vaxtda da vəsiqələrin uşaqlara paylanılacağını qeyd edib.

Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş bu xidməti istər bağça müəllimləri, istərsə də valideynlər yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına, Səyyar "ASAN qatar”ın nümayəndələrinə dərin minnətdarlıqlarını bildiriblər.


Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. "ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin "ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə də yaradılıb.

Rayonumuzda 25 gün müddətində sakinlərə səyyar formada göstərilən xidmətlərə -bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi daxildir. Bundan əlavə, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti,tərcümə xidməti, tibb xidməti də göstərilən xidmətlər sırasındadır.

Məlumat üçün qeyd edək ki, sentyabr ayının 27-dək fəaliyyət göstərəcək Səyyar "ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.



GOYEZEN.AZ


 



Facebook-da paylaş