Qazaxda “ASAN xidmət”in fəaliyyətindən 4962 nəfər yararlanıb » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “ASAN xidmət”in fəaliyyətindən 4962 nəfər yararlanıb

Qazaxda “ASAN xidmət”in fəaliyyətindən 4962 nəfər yararlanıb
Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca prinsiplərindən biri də respublikamızın bütün bölgələrini əhatə etməsi, “ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət olunmasıdır.

Qazax rayon sakinləri də mütəmadi olaraq “ASAN xidmət”in fəaliyyətindən razı yararlanıblar.

30 may tarixindən etibarən rayonumuzda fəaliyyətə başlayan “ASAN xidmət” bu gün öz işini başa vurub. 1 ay müddətində səyyar şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu rayonların sakinləri də razı qalıblar.

Vətəndaşlara “Ehtiyat Səyyar ASAN 2 xidməti"n nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla şəhərin Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) səyyar xidmət göstəriblər.

Dövlət xidmətlərinin əhaliyə daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin olunması və vətəndaş məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş “Səyyar xidmət”in göstərdikləri xidmətlər bilavasitə rayon sakinlərinin rahatlığını təmin edib.

Xidmətin qrup rəhbəri Elmar Ələsgərov GOYEZEN.AZ saytına bildirib ki, bu günə kimi 4962 nəfər xidmətin fəaliyyətindən yararlanıb.

Vətəndaşlara səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub.

Göstərilən xidmətlər əsasən azərpoçta dövlət rüsumlarının ödənilməsi, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər funksional yardımçı xidmətlər olub.


Facebook-da paylaş