• Təqvim

  • Unutma

  • Maraq



Cümhuriyyət yaşıdının yubileyi qeyd edilib

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA


Cümhuriyyət yaşıdının yubileyi qeyd edilib
Qazaxda yaşayan uzunömürlü insanlardan biri də Nəbi Nəbiyevdir. Rayonun Ermənistanla həmsərhəd kəndi olan Kəmərlidə doğulub boya-başa çatan və Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan el ağsaqqalının bu günlərdə 100 illik yubileyi təntənə ilə qeyd edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Müdafiə Nazirliyinin birgə təşkil etdikləri yubiley tədbirində rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, tanınmış elm və mədəniyyət xadimləri də iştirak etmişlər.

Kəmərlidə yaşıllıqlar qoynunda keçirilən tədbir münasibətilə hər tərəf al-əlvan bəzədilmişdi. Əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş əsgərlər nizamla düzülmüşdülər. Hərbi orkestrin ifasında səslənən qələbə ruhlu mahnılar yubiley tədbirinə toplaşanlarda xoş əhvali-ruhiyyə yaratmışdı. Sinəsini müxtəlif orden və medallar bəzəyən Böyük Vətən və Qarabağ müharibəsi veteranları üçün ayrıca yer ayrılmışdı.

Tədbir hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Böyük Vətən Müharibəsində həlak olanların və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yubiley tədbirini giriş sözü ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məsul işçisi Abdulla Qurbani açaraq istər Böyük Vətən Müharibəsində, istərsə də Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə mərd övladlarımızın göstərdikləri şücaətdən danışmış, onlara dövlət qayğısından söhbət açmışdır.

Yubilyarın at belində meydana daxil olması gurultulu alqışlarla qarşılandı. Ehtiyatda olan 100 yaşlı baş leytenant Nəbi Nəbiyev hərbi qaydada raport verərək tədbir iştirakçılarını salamladı və ölkəmizdə müharibə veteranlarına göstərilən qayğıdan söz açdı.

Azərbaycan Respublikası müdafiə nazirinin təbrik məktubu oxunduqdan sonra yubilyara xüsusi hədiyyələr təqdim olundu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “General Əliağa Şıxlinski” yubiley medalını Nəbi Nəbiyevin sinəsinə taxaraq ona ən xoş arzularını bildirdi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən danışdı. Bildirdi ki, istər Böyük Vətən Müharibəsində, istərsə də Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə igidliklə vuruşan hər bir Azərbaycan vətəndaşı dövlətimizin, eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanının diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların mənzil-məişət və həyat şəraitinin yaxşılaşdırılması üçün hər il çoxlu sayda sərəncam imzalanır. Veteranlar pulsuz avtomobillərlə təmin edilməklə yanaşı, onların sağlamlıqlarının bərpa olunması üçün də müxtəlif tədbirlər həyata keçirilir.

Sonra rayon müharibə veteranları şurasının sədri Xanqulu Süleymanov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, Xalq artisti Tariyel Qasımov, kənd sakini Rəhim Rəhimov və başqaları çıxış edərək yubilyara ən xoş arzularını bildirdilər.

Müdafiə Nazirliyinin məsul işçisi Emin Səfərov çıxış edərək tədbirin Qazaxda düşmənlə üz-üzə yerləşən Kəmərli kəndində keçirilməsinin əhəmiyyətindən danışmış və Azərbaycan Ordusunun düşmən üzərində tezliklə qələbə çalacağı günün çox da uzaqda olmadığını qeyd etdi.

Aşıqlardan Hüseyn Dərgahquliyevin və Kifayət Nəbiyevanın ifasında səslənən vətənpərvəlik mahnıları tədbirə xoş ovqat qatdı.

Sonda tədbir iştirakçıları 100 yaşlı veteran Nəbi Nəbiyevlə xatirə şəkli çəkdirdilər.

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzeti
20 may 2018-ci il


Facebook-da paylaş