Şəhidin həyat yoldaşı ilə gəlini işlə təmin olunub » Göyəzən internet portalı


Şəhidin həyat yoldaşı ilə gəlini işlə təmin olunub

Şəhidin həyat yoldaşı ilə gəlini işlə təmin olunub
Rayonumuzda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsil müəssisələrinə xüsusi diqqət və qayğı göstərilir, məqsədyönlü tədbirlər həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təmin olunması istiqamətində kompleks tədbirlər görülür. Yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunması bunun bariz nümunəsidir. Ötən il rayonumuzda 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmişdir. O, cümlədən 6 körpələr evi-uşaq bağçası - Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası və Cəfərli kənd uşaq bağçası əsaslı şəkildə təmir olunmuşdur.

Bu gün rayon üzrə mövcud olan 25 körpələr ev-uşaq bağçası hər cür şəraitlə təmin olunaraq körpə balaların istifadəsinə verilmişdir. Bütün şəhər bağçalarında, eləcə də istifadəyə verilən yeni bağçalarda istilik sistemi quraşdırılıb, yeni inventarlar verilib. Gənc nəslin sağlam böyüməsi üçün vacib amillərdən biri də düzgün qidadır. Bunun üçün də rayonda fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələri yüksək keyfiyyətli ərzaqlarla təmin olunur. Ümumiyyətlə, bağçalarla bağlı vaxtilə yaranmış olan bütün problemlər öz həllini tapıb.

Körpələrə göstərilən diqqət və qayğı valideynlərin də ürəyincədir. Hər bir valideyn bu gün övladını rahat şəkildə bağçaya göndərir. Çünki bilirlər ki, bağçalara xüsusi diqqət və qayğı göstərilir və uşaqları ehtibarlı əllərdədir. Ona görə də uşaqların bağçalara qoyulmasında növbəlilik yaranıb.

Bağçalarda yaradılan yüksək şərait uşaqlarla yanaşı, burada çalışan tərbiyəçi– müəllimlərin də iş rejiminə öz müsbət təsirini göstərir. Belə ki, bağçalar uşaqların marağına səbəb olacaq növbənöv oyuncaqlar, şəkilli nağıllar, musiqi alətləri ilə təmin olunub. Belə şəraitdə uşaqların təlim-tərbiyə işi ilə məşğul olmaq tərbiyəçilərə də zövq verir. Elə bu səbəbdən bağçalarda işlər yüksək səviyyədə gedir.

Bağçalarda yaranan problemlər, nöqsanlar və çatışmazlıqlar aşkarlanaraq vaxtında aradan qaldırılır. Yaranan vakant iş yerlərinə qəbul zamanı isə şəhid ailələrinə, Qarabağ əlili ailələrinə, məcburi köçkünlərə və digər imtiyazlı vətəndaşlara üstünlük verilir.

İkinci Şıxlı kənd 1 saylı körpələr evi-uşaq bağçasına ali təhsilli həmin bağçada 11 il musiqi müəllimi işləmiş Nərgiz Qurbanəliyeva müdir təyin olunub. 29 il bağçada xadimə işləyən şəhid İsrayıl Əfəndiyevin həyat yoldaşı Məhəbbət İsmayılova isə iş stajı və orta ixtisas tibbi təhsili nəzərə alınaraq körpə qrupda tərbiyəçi vəzifəsinə keçirilib. Onu da qeyd edək ki, Məhəbbət xanımın həyat yoldaşı İsrayil Əfəndiyev Vətən uğrunda gedən döyüşlər zamanı İkinci Şıxlı kəndində Babakər dağında şəhid olub. Bağçada xadimə vazifəsinə isə şəhidin gəlini Gülbəniz Məmmədova təyin olunub. Bəli, bütün şəhid ailələri rayon rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunur. Bu təyinat da məhz bu qayğının bariz nümunəsidir.

GOYEZEN.AZ


Facebook-da paylaş