Əsas Səhifə > Mədəniyyət > Gavur (Alban) qəbiristanlığı

Gavur (Alban) qəbiristanlığı


22-12-2017, 16:58
Gavur (Alban) qəbiristanlığı
Qafqaz Albaniyasının (Azərbaycan) ən böyük şəhərlərindən biri Xalxal şəhəri olmuşdur. Ərəb tarixçisi Həmdulla Qəzvininin yazdığı məlumata görə Xalxal şəhəri Bakıdan 96 fərsəx məsafədədir. Müəllifin Xalxal şəhərinin yeri ilə əlaqədar təsvirində də eyni Avey dağı ərazisindən söhbət gedir.

Mütəxəssislərin bəzisi Xalxal şəhərini Yuxarı Əskiparanın yerində, bəzisi Təpədöy çayı ilə Dəli Kürün qovuşduqları yerdə, bəzisi isə “Qızıl qaya” ətraflarında olduğunu iddia edir. Bu ərazilərin üçü də Qazax diyarındadır və üçündə də füsunkar yaşayış məntəqəsinin qalıqları vardır.

Avey dağı ərazisindəki şəhər şərqdən gələn yolun girəcəyində “Qollu qaya” deyilən qalxanın üstündədir. Deyilənlərə görə şəhər-qalanın həndəvərlərində gözətçi məntəqələri və bu məntəqələri birləşdirən yeraltı yollar varmış. Xarabalıqlarda aparılmış qazıntılar zamanı xırman və dəyirman yerləri müəyyənləşdirilmiş, hamam, bazar, yaşayış evi və feodal qəsrlərinin qalıqları tapılmışdır. Şəhər-qalanın iç üzündə albanca yazıları olan qəbir daşları, həmçinin tikililərdən düşmüş daşların qalıqları varmış. Çox təəssüf ki, qonşu ermənilər müxtəlif bəhanələrlə həmin daşları da, şəhər yerindən çıxan antik əşyaları da ələ keçirib aparmışlar.

Xalxal şəhərinin qərb tərəfindəki böyük əraziyə yayılmış qədim qəbiristanlıq da elə bu şəhərə aiddir. Yerli əhali arasında oraya “Gavur qəbiristanlığı” deyilir və bu qəbiristanlıq 1265 inventar nömrəsi ilə “Azərbaycan Respublikası Ərazisində Dövlət Mühafizəsinə Götürülmüş Daşınmaz Tarixi və Mədəniyyət Abidələrinin Əhəmiyyət Dərəcələrinə Görə Bölgüsü” kitabına salınmışdır.

Antik və orta əsrlər dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. 1987-ci ildə aşkar olunmuşdur. VI-VIII əsrə aiddir. Onun cənub hissəsindəki qəbir daşları əsasən xaçsızdır, lakin oradakı daşlarda tək-tək xaçlara rast gəlinir. Şimal tərəfdəki daşların isə üzərində xaç işarəsi vardır, hətta buradakı baş daşları da xaç formasında düzəldilmişdir. Bu xaçların qollarının bir növ bərabər olması Albanların günəşə sitayişindən xəbər verir. Avey məbədinin otağındakı tavanın mərkəzindəki bağlama daşında da bu cür Alban xaçı vardır.

Bu qəbir daşına oxşar digər bir qəbir daşı Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialının ərazisində Göyəzən dağı ətəyində aşkar edilmişdir.
Mart ayında qoruq rəhbərliyinin Göyəzən dağının ətəyində tapılmış qəbir abidəsi ilə bağlı AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna ünvanladığı məktuba əsasən həmin institutdan iki nəfər nümayəndə gəlmiş bu abidəyə baxış keçirmişdir. Daha sonra bu qəbir daşının albanlara məxsusluğu haqqında həmin institutdan rəsmi rəy gəlmişdir.

Göndərilən bu rəylərə əsasən qəbir daşının üzərindəki həndəsi ornamentlərlə əhatə olunmuş xaç təsvirindən ibarət kompozisiyanın Azərbaycan ərazisində mövcud olan digər alban qəbir daşları üzərindəki bədii kompozisiyalarla, həm də dini simvol və dekor mahiyyəti daşıyan zəngin təsvir elementlərinə (hətta oxşar elementlər “Avey” məbədinin eksteryerində daş-divar səthində mövcuddur), həm də yonulma xüsusiyyətlərinə görə eyniliyi vardır. Xaçın qollarındakı üç ləçək “Humay” ilahəsinə aid olmaqla, oğuz türklərinə mənsubdur. Digər tərəfdən qəbirüstü daşın V-VII əsrlərdə inşa olunmuş möhtəşəm “Avey” alban məbədinə bilavasitə yaxın olan bir ərazidə tapılması, onun məhz ilk orta əsrlər dövrünə məxsus alban qəbirinə aid olmasını söyləməyə daha çox əsas verir. Həm Xalxal şəhəri ərazisində qəbirlərin, həm də bu qəbir abidəsinin eyniliyi onu sübut edir ki, bu ərazilər kompleks yaşayış məskəni olmuşdur.

Ədəbiyyat

1. Arif Məmmədov, Elmira Abbasova - “Qazax bölgəsində arxeoloji və etnoqrafik tədqiqatlar”, Gəncə “Elm”-2008

2. Sadiq Qara - “Bura Qazaxdır” Bakı 2003

Xeyransa QOCAYEVA,
“Avey” Dövlət Tarix-Mədəniyyət
qoruğunun elmi işçisi

Geri qayıt