Əsas Səhifə > Rəsmi > 25 ilin həsrəti

25 ilin həsrəti


27-04-2017, 10:09

Barxudarlı və Sofulu kəndlərinin işğalından 25 il ötür


25 ilin həsrəti
Barxudarlı və Sofulu kəndlərinin yerləşdiyi coğrafi ərazi olduqca çətin və əlverişsiz idi. Belə ki, hər iki kənd 4 tərəfdən erməni torpaqları ilə əhatə olunmuşdu. İrəvana gedən magistral yol bu kəndlərin ortasından keçirdi. Barxudarlı kəndində 85 təsərrüfat, 346 nəfər sakin var idi. Sofluda isə bu rəqəm 42 təsərrüfatı, 181 nəfəri əhatə edirdi. Kəndlər işğal olunana qədər yerli əhali əsasən heyvandarlıq, əkinçilik, üzümçülük və tütünçülüklə məşğul olublar.

Dağlıq Qarabağ hadisələri başlayan gündən bu kəndlərdə də əhalinin rahatlığı pozulmuşdu. Ermənilər tez-tez atəş açır, sakinlərin kəndlərdən çıxarılmasına nail olmağa çalışırdılar. Lakin kənd camaatı əllərində olan silahlarla silahlanaraq öz torpaqlarını müdafiə edir, düşmənə ciddi müqavimət göstərirdilər. Çox keçmədi ki, 1989-cu ildə ermənilər kənddən keçən yolu bağladılar. Məcburiyyət qarşısında qalan sakinlər dəmiryolu vaqonları ilə Qazaxa gedib-gəlməyə başladılar. Ümid təkcə dəmiryoluna qalmışdı. Lakin çox keçmədi ki, ermənilər Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmiryolu xəttini də partlatdılar.

Hadisələrin şahidi olan və həmin dövrdə müdafiə dəstəsinin bölük komandiri olan, hal-hazırda Qazax rayon İcra Hakimiyyəti Başçısının Barxudarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Yasin Hacıyevin GOYEZEN.AZ saytına dediklərindən:

Düzdür ermənilər hər gün, əlalxüsus da gecələr bizim kəndləri atəşə tuturdular. Biz də onların lazımi cavabını verirdik. Kənd sakinlərindən yaralanan və ölən yox idi. Amma 1990-cı ildə kənd sakinlərindən olan - IX sinif şagirdi Quliyev Afdandil Mansır oğlu və yaşlı kənd sakini Məhərrəmov Səhlədar Süleyman oğlu çöldə heyvan otaran zaman ermənilər tərəfindən vurulandan sonra hadisələr daha da gərginləşdi.

1992-ci ilin aprelin 23-dən isə ermənilərin Barxudarlı və Sofulu kəndlərinə hücumu intensiv xarakter aldı. Biz 57 nəfərdən ibarət olan müdafiə dəstəsi ermənilərin hücumlarının qarşısını alırdıq. Biz Barxudarlıda 11, Sofuluda isə 9 post quraraq ermənilərə qarşı döyüşürdük. Silahımız az olduğuna və kəndə heç bir kömək gəlmədiyinə görə 4 günlük müqavimətdən sonra kənddən çıxmağa məcbur olduq. Bununla da aprelin 27-də ermənilər rus qoşunlarının köməyi ilə Barxudarlı və Sofulu kəndərini işğal etdilər. İşğal zamanı kəndlərdə olan bütün evlər düşmən tərəfindən yandırılaraq tamamilə darmadağın edildi.

Hadisələr zamanı 8 nəfər kənd sakini şəhid olub. Onlardan 2 nəfəri kənddə, digər 6 nəfər isə Qazaxın ayrı-ayrı kəndlərində gedən döyüşlərdə şəhid olublar.

Geri qayıt