• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda iqtisadi sahələrlə yanaşı, sosial məsələlərə də önəm verilir

Qazaxda iqtisadi sahələrlə yanaşı, sosial məsələlərə də önəm verilir
Respublikamızın qərb qapısı sayılan Qazax Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı və diqqəti sayəsində ildən-ilə abadlaşır, gözəlləşir. Rayonun hər guşəsində abadlıq-quruculuq işləri getdikcə genişlənir, parklar yenidən qurulur, çoxmənzilli yaşayış binaları təmir edilir. Yol infrastrukturu təzələnir, əhalinin həyat səviyyəsinin və güzəranının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. İcra hakimiyyətində yaradılan operativ qrup işıq, qaz və su problemlərini nəzarətdə saxlayır, səhiyyə, təhsil, mədəniyyət məsələlərinin sistemli həllinə qayğı və kömək göstərilir.
Səhiyyə sistemində xidmətin səviyyəsi yüksəldilir. Ayrı-ayrı kəndlərdə müasir üslublu tibb məntəqələri tikilir, yeni avadanlıqla təchiz olunur. Rayonda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsinə və təlim-tərbiyə məsələlərinə xüsusi önəm verilir, yeni məktəb binaları inşa edilir və yaxud, əsaslı surətdə yenidən qurulur. Bu qayğı və diqqətin nəticəsi olaraq təhsilin keyfiyyəti yaxşılaşır, ali məktəblərə daxil olanların sayı ilbəil artır.
Rayonun cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə xüsusi qayğı ilə yanaşılır. Həmin ərazilərdə infrastruktur layihələri həyata keçirilir, əhalinin sosial-məişət problemləri ardıcıllıqla həll edilir.
Qazaxda kənd təsərrüfatının inkişafına da mühüm önəm verilir. Burada əsas diqqət aqrar sahənin müasir texnologiyalar əsasında tərəqqisinə, yerlərdə potensial imkanlardan maksimum istifadə edilməsinə, ixracyönümlü məhsulların istehsalına yönəldilib.
Qazaxda iqtisadi sahələrlə yanaşı, sosial məsələlərə də önəm verilir
Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində rayonda ardıcıl tədbirlər reallaşdırılır. Ənənəvi istehsal sahələrini bərpa etmək məqsədilə əməli işlər görülür. Xalça istehsalı sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verilir. İstifadəsiz qalan torpaq sahələri müəyyənləşdirilir və iri fermer təsərrüfatları yaradılır. Bunlarla yanaşı, rayonda tarixi abidələrin bərpası və qorunması, yeni mədəniyyət obyektlərinin tikintisi sahəsində də uğurlu addımlar atılır.
Bu ilin ötən aylarında qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə müvafiq dövlət proqramına uyğun olaraq, rayonun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsi üçün bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi yaşayış evlərinin inşası diqqətdə saxlanılıb. Yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər davam edir.
Qazax Rayon İcra Hakimiyyətində vətəndaşların qayğılarına da həssaslıqla yanaşılır. Başçı Rəcəb Babaşov vaxtaşırı yerlərdə olur, şəhid və imkansız ailələrə baş çəkir, qəbul günlərində isə ən ucqar yaşayış məntəqələrindən, o cümlədən, sərhəd kəndlərindən gələn adamların qarşılaşdıqları problemlərin aradan qaldırılması məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verir və onların həllini şəxsi nəzarətində saxlayır.
Qazaxda iqtisadi sahələrlə yanaşı, sosial məsələlərə də önəm verilir
Başçı yaşlı sakinləri də unutmur. Bayram günlərində onların görüşünə gedir, əhvalları ilə maraqlanır, üzləşdikləri çətinliklərin həllinə yardım göstərir. Fikrimi bir misalla əsaslandırmaq istərdim. 105 yaşlı anam Lütviyyə Vələdova rayonun Ülkməzli kəndində yaşayır. Ömrünün çox hissəsini pambıqçılığa həsr edib. Keçmiş SSRİ dönəmində iki dəfə ümumittifaq kənd təsərrüfatı sərgisinin iştirakçısı olub. Əməyi "Şərəf nişanı” ordeni ilə qiymətləndirilib.
Anamı rayon rəhbərliyi bu gün də unutmur. Onun bir müddət bundan əvvəl başçının kənd icra nümayəndəsi Gülnaz Mahmudova ilə birlikdə ziyarət olunması, hədiyyələrlə təbrik edilməsi, yaşadığı mənzilə telefon xəttinin çəkilişi Qazaxda ahıl insanlara göstərilən qayğının bariz ifadəsidir.
Azər VƏLƏDOV,
Azərbaycan Tibb Universitetinin dosenti
"Xalq” qəzeti
19 oktyabr 2017-ci il



Facebook-da paylaş