Sərhəd kəndi qarşı tərəfin gözdağına çevrilib
Qazaxın
Cəfərli kəndinin Ermənistanla sərhəddə yerləşməsinə, müharibənin ağrı-acılarını
çox çəkməsinə baxmayaraq, bu gün inkişafından da qalmır. Dövlət qayğısı ilə
əhatə olunmuş sakinlər əkinçilik və heyvandarlıqla fəal məşğul olurlar. Mövcud
olan problemlərin həlli kənd sakinlərini öz yurd-yuvalarına daha möhkəm
bağlayır. Cəfərli
kənd icra nümayəndəsi Şahin Mustafayev deyir ki, son 3 ildən artıq bir vaxtda
on illərə bərabər işlər görülmüşdür: "Hazırda kənddə 356 təsərrüfat
olmaqla, təxminən 1500 nəfər əhali yaşayır. Rayon mərkəzindən 14 kilometr
məsafədə yerləşən nümayəndəliyin ərazisində iki müasir tipli məktəb, iki
körpələr evi-uşaq bağçası, iki kitabxana, iki klub, bir poçt binası, bir həkim
məntəqəsi, bir feldşer-mama məntəqəsi və bir elektron ATS fəaliyyət göstərir”. Əvvəlki
illərdə olduğu kimi, keçən il də kənddə bütün sahələr üzrə uğurlar əldə
edilmişdir. Belə ki, kümçülər nəzərdə tutulduğundan çox - 314 kiloqram barama
təhvil vermişlər. Kənddə tütünçülük də inkişaf etdirilir. Keçən il 4 hektar
sahədə tütün əkən təsərrüfat sahibləri 7000 kiloqram məhsul toplayaraq Şəkidəki
Tütün Kombinatına təhvil vermişlər. Yaxın zamanlarda qurudulmuş daha 2 ton
tütünün təhvil verilməsi nəzərdə tutulur. Kənddə heyvandarlıq da inkişaf edir.
Cari ilin əvvəlinə olan məlumata görə, kənddə 700 qaramal, 3200 başdan çox
davar var. Məlum
olduğu kimi, ərazisinin bir hissəsi Ermənistanla həmsərhəddə yerləşdiyi və
torpaqların bir hissəsi işğal altında olduğu üçün kənddə torpaq islahatı
aparılmamışdır. Buna görə də torpaq sahələri kənd əhalisinə müvəqqəti
istifadə üçün icarəyə verilmişdir. Dəmyə şəraitində yerləşdiyindən həmin
sahələrdən ancaq taxılçılıq və təbii biçənək kimi istifadə edilir. Keçən il
taxılçılar cari ilin məhsulu üçün 268 hektarda buğda, 132 hektarda arpa, 36 hektarda
vələmir, 20 hektarda yonca əkmişlər. Eyni zamanda kənd ərazisindən kartof əkini
üçün Qazax Konserv zavoduna 100 hektar sahə ayrılmışdır. Bu sahələrin
əkilib-becərilməsində əsas işçi qüvvəsi kənd sakinləridir. Kəndin
məhsul istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri
yanacaq və motor yağlarına görə dövlət büdcəsindən subsidiyalar ödənilir. Təkcə
keçən il 200 ailəyə 40,3 min manatdan çox vəsait verilmişdir. Rayon rəhbərliyi tez-tez kənddə olur, mövcud problemlərin həlli üçün tədbirlər görür. Bu yaxınlarda keçirilən görüş zamanı sakinlərin ərazidən məişət tullantılarının götürülməsi barədə təkliflərinə qayğı ilə yanaşılmış və qısa vaxt ərzində məsələ öz həllini tapmışdır. Kəndin
su problemi də həll olunub. Belə ki, Cəfərli kəndinin aşağı hissəsində yerləşən
artezian quyusunun yanında qurulmuş nasoslarla kənddəki bütün evlərə gündəlik
içməli su verilir. Rayon rəhbərliyinin dəstəyi ilə ən hündür yerdə tutumu 25
ton olan 2 dəmir çən quraşdırılmış və həmin çəndən bütün evlərə su xətti çəkilmişdir.
Evlərə gedən dəmir borular polietilen borularla əvəz edilmişdir. Bu yaxınlarda
kənddə, həmçinin bir artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Yaxın
zamanlarda isə daha bir artezian quyusunun qazılmasına hazırlıq işləri görülür.
Bunlardan əlavə, 8 ailəyə həyətlərini suvarmaq üçün borular verilmişdir. Kəndin
elektrik enerjisi ilə təminatında da bir sıra yenilənmə işləri aparılır.
Hazırda Cəfərli və Bala Cəfərli kəndlərində elektrik təchizatı sistemində
yenilənmə işlərinə başlanılmışdır. Artıq Cəfərlidə bu iş başa çatdırılmış, Bala
Cəfərlidə isə SİP kabelləşmə davam etdirilir. Kabelləşməsi başa çatmış evlərdə
köhnə tipli elektrik sayğacları yeniləri ilə əvəz olunmuşdur. Ümumiyyətlə,
kənd sakinlərinin bütün problemləri vaxtında həll edilir. Yalnız keçən il 24
evin dam örtüyü dəyişdirilmiş, 16 ailəyə birdəfəlik maddi yardım olunmuşdur.
Cəfərli kəndinin sakini, şəhid anası Sədaqət Almazovanın həyətinə hasar
çəkilməsi üçün 1600 mişar daşı, 30 kisə sement və bir maşın qum verilmişdir. I
qrup əlil Məmməd Qarasaqqalov isə evinin təmiri üçün 3 qapı, 20 kisə sement və
bir maşın qumla təmin edilmişdir. Eyni zamanda Bala Cəfərli kəndində yaşayan
hər bir ailəyə 250 kiloqram toxumluq buğda və xeyli gübrə verilmişdir. Qeyd
edək ki, kənd əhalisinin uzun illər həsrətində olduğu yol problemi də həll
edilmişdir. Ölkə başçısının sərəncamına əsasən, ayrılmış vəsait hesabına
kəndarası yollar təmir olunmuşdur. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 1 fevral 2020-ci il
Respublika mətbuatı Qazax haqqında
Facebook-da paylaş