Qazax: Körpələr qayğı ilə əhatə olunurlar
Əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu gün dövlətimizin başçısı cənab İlham
Əliyevin rəhbərliyi ilə aparılan uşaq siyasətində uşaqların hüquqlarının
qorunması prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Eyni zamanda Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyevanın ölkədə uşaqların sağlam böyüməsi üçün uşaq müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətləri öz bəhrəsini
verir. Qazax rayonunda son üç ildə bütün sahələrdə genişmiqyaslı layihələr həyata
keçirilir, yüksək nailiyyətlər əldə olunur. Rayonun təhsil müəssisələrində, eləcə
də məktəbəqədər təhsil müəssisələrində bir çox infrastruktur layihələr həyata
keçirilmiş və bu işlər uğurla davam etdirilir. Mənfur düşmənlə 168 km əraziyə
malik olan, hər an düşmənin atəşkəs rejimini pozmasına məruz qalan bir rayonda
gedən sürətli inkişaf qürurverici bir haldır. Bu günlərdə Qazaxda körpə
fidanlara yaradılan şərait, onlara göstərilən qayğı ilə maraqlandıq. Bu səbəbdən
rayonun bir neçə kəndində və şəhərdə fəaliyyət göstərən uşaq bağçalarına üz
tutduq. Burada kənd və şəhər bağçalarının bir-birindən heç nə ilə fərqlənmədiyinin
şahidi olduq. Uşaq bağçalarının hər birində yaradılan şərait sözün əsl mənasında
insana zövq verir. Bağçaların həyətlərində və daxildə yüksək səviyyəli səliqə-sahman
və təmizlik ilk baxışdan diqqəti cəlb edir. Uşaq müəssislərində gigiyenik
qaydalara tam riayət olunur. Bağçada çalışan
işçilərlə söhbət zamanı bildirdilər ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov ilk dəfə bağçalara baxış keçirdikdən sonra dərhal rayonda fəaliyyət
göstərən uşaq müəssisələrinin yenidən qurulması üçün tapşırıq verdi. Təmir işləri
çox sürətlə və keyfiyyətlə həyata keçirildi və bu işlər davam etdirilir.
Rayonda hazırda 25 uşaq bağçası fəaliyyət göstərir. Qazax şəhərində
5 körpələr evi-uşaq bağçası, 1 uşaq bağçası körpə fidanların sevimli məkanına
çevrilmişdir. Kəndlərdə isə 13 körpələr evi-uşaq bağçası və 6 uşaq bağçası fəaliyyət
göstərir. Şəhərdə hər biri 90 yerlik olan 2,3,4,5,6 saylı bağçalar əsaslı şəkildə
təmir olunaraq istifadəyə verilmişdir. Bağçaların hər biri yeni yataq dəstləri,
təzə qab-qacaq, mətbəx ləvazimatları, paltaryuyan, soyuducu, televizor və başqa
avadanlıqlarla tam təchiz olunmuşdur. Eyni zamanda isti və soyuq su, eləcə də mərkəzləşmiş
istilik sistemi ilə təmin olunmuşlar. Qeyd etmək lazımdır ki, əvvəllər 4 və 5
saylı bağçalardan başqa qalanlarının isidilməsi duru yanacaqla həyata keçirilirdi.
Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası layihə əsasında
müasir üslubda inşa olunaraq 2018-ci ilin yanvar ayından körpələrin ixtiyarına
verilmişdir. Qeyd olunan uşaq müəssisəsi müasir avadanlıqlarla tam təchiz
olunmuşdur. Burada iki körpə qrup, 1 orta qrup və 2 böyük qrup fəaliyyət göstərir.
Binada 5 yataq otağı, oyun otaqları, hər qrup üçün mətbəx və sanitar qovşaq,
idman və tibb otaqları və paltar yumaq otağı fəaliyyət göstərir. Qeyd etmək
lazımdır ki, rayonda uşaq bağçalarına işə qəbul şəffaf şəkildə həyata
keçirilir. Uşaqların bağçaya qəbulu isə növbəlilik əsasında aparılır. Sevindirici
haldır ki, son üç ildə şəhər bağçaları ilə yanaşı kəndlərdə də uşaq müəssisələrində
əsaslı təmir işləri aparılmışdır. Qazaxın cəbhəyanı
yaşayış məntəqələrinə daha çox qayğı göstərilir. Mənfur düşmənlə üz-üzə məğrur
dayanan Böyük Cəfərli, Quşçu Ayrım və Bala Cəfərli kəndlərindəki uşaq bağçaları
müasir tələblərə tam cavab verir. Bağçalar təzə avadanlıqlarla təchiz olunmuş,
yeni su xətti çəkilmiş, sanitar qovşaqlar yenidən qurulmuş, isti və soyuq su ilə
təmin olunmuşdur. Bağçaların ərzaq təchizatı "Aqrar Tədarük və Təchizat” ASC-dən
büdcə vəsaiti hesabına həyata keçirilir. Rayon İcra Hakimiyyəti tərəfindən ərzağın
keyfiyyətinə çox ciddi nəzarət olunur. Bir sözlə, Qazaxda körpə fidanlar qayğı
ilə tam əhatə olunmuşlar. Vəli VƏLİYEV, "Respublika”
qəzetinin bölgə müxbiri 2 noyabr
2019-cu il
Respublika mətbuatı Qazax haqqında
Facebook-da paylaş