• Təqvim

  • Unutma

  • Maraq



Heydər Əliyev Fondu Qazaxda daha bir məktəb inşa etdirir

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA


Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətlər göstərən Heydər Əliyev Fondu 3 aya yaxındır ki, Qazax rayonunun Kosalar kəndində daha bir məktəbin tikintisinə başlamışdır.

Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan məktəb 1176 şagirdlikdir. Layihəyə əsasən təhsil ocağında müasir standartlara cavab verən şərait nəzərdə tutulmuşdur. İş icraçısı Əhməd Rəhimov görülən işlər barədə məlumat verərək dedi ki, artıq əsas binanın və keçidlərin dam örtüyünün vurulması başa çatmışdır. Üçmərtəbəli binanın arakəsmələri hörülmüş, suvaq işləri yekunlaşmış, istilik sistemi, elektrik xətləri çəkilmiş, santexnika işləri görülmüşdür. Tədris ocağının qapı və pəncərələri də qoyulmuşdur. Hazırda divarlarda astar və üzlük vurulması işləri aparılır. Yaxın günlərdə alçipanın vurulmasına başlanacaq.

Bunlardan əlavə, məktəbin akt zalı və yeməkxanası üçün nəzərdə tutulan binalarda söküntü və suvaq işləri başa çatdırılmış, ətrafına hasar çəkilmişdir. İdman zalında isə suvaq işləri yekunlaşmaq üzrədir.

Məktəbin təhlükəsizliyini təmin etmək məqsədilə binanın arxa hissəsində 160 kubmetrlik 2 yanğından mühafizə və 100 kubmetrlik içməli su hovuzları, nasosxana, qazanxana inşa edilmişdir. Həmçinin kənd sakinlərinin, eləcə də idmançıların istəyi nəzərə alınaraq məktəbin ərazisində əlavə güləş məktəbinin inşasına start verilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

26 oktyabr 2019-cu il




Facebook-da paylaş