• Təqvim

  • Unutma

  • Maraq



Məqsəd rekord göstəriciyə nail olmaqdır

Respublika mətbuatı Qazax haqqında


Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafı yeni mərhələyə qədəm qoymuş və uğurlu göstəricilərə nail olunmuşdur. Söz yox ki, bu uğurda ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən dövlət proqramının böyük əhəmiyyəti var.

Proqram çərçivəsində baramaçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsi kimi amillər bu sahədə həyata keçirilən işlərə təkan vermişdir. Barama istehsalı ilə məşğul olanlara təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi əhali arasında bu sahəyə marağı daha da artırmışdır.

Qazax rayonunda da baramaçılığa böyük maraq var. Rəqəmlərə nəzər salaq: 2016-cı ildə 1502, 2017-ci ildə 4623, 2018-ci ildə 6260 kiloqram barama istehsal edən kümçülər cari ildə bu rəqəmi 8 min kiloqrama çatdırmağı, hətta bir qədər də yüksək göstəriciyə nail olmağı qarşılarına məqsəd qoymuşlar. Hazırda onlar verdikləri vədi yerinə yetirmək, daha çox qazanc əldə etmək üçün çalışırlar.

İndi baramaçılıqda işlərin qızğın çağıdır. Artıq kümçülər barama təhvilinə başlamışlar. Yolumuzu rayonda ən çox barama istehsalçılarından olan Xanlıqlar kəndinə saldıq. Kənddə Rayonİcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevlə rastlaşdıq. Bildirdi ki, rayonda barama istehsalı ciddi nəzarətə götürülmüşdür: "Demək olar ki, hər gün səhər tezdən kəndlərdə olur, kümçülərlə görüşür, problemlərlə maraqlanırıq. Açığı, indiyədək heç bir problemlə rastlaşmamışıq”.

Öyrəndik ki, Xanlqlar kəndində baramaçılıqla əsasən iki nəfər - Xasay Balayev və Zərmayıl Rzayev məşğul olur.

Keçən il onların hər biri 400 kiloqramdan çox yaş barama təhvil vermişdi. Bu il isə 700 kiloqram məhsul tədarük etməyi qarşılarına məqsəd qoymuşdur. Yem təminatında 20 nəfər kənd sakini yaxından iştirak edir.

Qeyd edək ki, keçən il rayon üzrə 70 nəfərlə müqavilə bağlanmışdısa, bu il onların sayı 420 nəfərdir. Keçən il rayon sakinləri 130 qutu ipəkqurdu götürmüşdüsə, bu il həmin rəqəm 200 qutuya çatmışdır. Ən çox İkinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Kosalar, Hüseynbəyli, Daş Salahlı və digər kəndlərdə barama istehsal edilir. Yuxarı Salahlı kəndinin sakini Məmməd Şəmşiyev bu il 20 qutu ipəkqurdu götürmüşdür. Söz vermişdir ki, 800 kiloqram barama təhvil verəcək. Aslanbəyli kəndinin sakini Ruslan Kazımov 620 kiloqram, Birinci Şıxlı kəndinin sakini İlqar Kazımov 520, Çaylı kəndinin sakini Ceyhun Binnətov 480 kiloqram yaş barama təhvil verməyi nəzərdə tutmuşlar.

Bir neçə ildir ki, rayon ərazisində tut bağları salınır. İndiyədək bu bağlarda 53 min ağac əkilmişdir. Hazırda onların 20 mini yarpaq verir.

Barama istehsalı gəlirli olduğu qədər də gərgin zəhmət tələb edən sahələrdəndir. Buna baxmayaraq Qazax kümçüləri çətinlikdən qorxmur, öz təcrübələrini ildən-ilə artırırlar. Nəticədə həm də dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin icrasına nail olurlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”qəzetinin bölgə müxbiri

21 iyun 2019-cu il





Facebook-da paylaş