• Təqvim

  • Unutma

  • Maraq



Ürəkaçan nailiyyətlər

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA


Payızı bolluq fəsli də adlandırırlar. Kənd sakinləri il boyu çəkdikləri zəhmətin bəhrəsini ən çox bu fəsildə görürlər. Yetişdirdikləri kənd təsərrüfatı məhsullarını toplayır, həm ölkənin aqrar sektoruna töhfələr verir, həm də özlərinin ehtiyaclarını ödəyirlər. İndi torpaq sahibləri yetişdirdikləri məhsulu toplamaqla yanaşı, həm də gələn ilin bol məhsulu üçün bünövrə qoyurlar.

2018-ci il Qazax sakinləri üçün də uğurlu olub. Kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, yüksək göstəricilərə nail olunmasın. Taxılçılıq, tütünçülük, fındıqçılıq, baramaçılıq, üzümçülük və digər sahələrdə yüksək nailiyyətlər qazanılıb.

Əkin sahələrinin genişləndirilməsi, şumun keyfiyyətlə aparılması, məhsuldar toxum sortlarının əldə olunması, əkin-səpin işlərinin vaxtında görülməsi sayəsində taxılçılığın sürətli inkişafına nail olunub. 2016-cı ildə 7820 hektarda, 2017-ci ildə 11039 hektarda taxıl əkən fermerlər cari ildə bu rəqəmi bir qədər də artıraraq 12629 hektara çatdırmış, orta hesabla hər hektardan 36,6 sentner məhsul əldə etmişlər. Lakin fermerlər bu rəqəmi son hədd hesab etmirlər. Onlar gələn ilin məhsulu üçün əkin sahələrini 13180 hektara çatdırmağı qarşılarına məqsəd qoymuşlar. Hazırda taxıl səpini sürətlə davam etdirilir. Səpin aparılmış sahələrdə suvarma və ziyanvericilərə qarşı mübarizə tədbirləri də mütəşəkkilliklə aparılır.

Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən aqrar islahatlar və bu sahədə dövlət dəstəyinin gücləndirilməsi Qazax rayonunda da kənd təsərrüfatının inkişafına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olmuş, bəzi ənənəvi kənd təsərrüfatı məhsullarının yenidən istehsalı təmin edilmişdir. Məsələn, artıq üçüncü ildir ki, rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir, istehsal ildən-ilə artır. 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram barama istehsal edən rayon kümçüləri bu il 6260 kiloqram məhsul təhvil vermişlər.

Məlum məsələdir ki, baramaçılığın inkişaf etdirilməsində əsas məsələ yem bazasının yaradılmasıdır. Hazırda rayonda bu istiqamətdə bir sıra məqsədyönlü işlər həyata keçirilir. Köhnə tut bağları bərpa olunmaqla yanaşı, yeni çəkilliklərin salınmasına da ciddi diqqət yetirilir. 2016-cı ildə 24500, keçən il isə daha 7300 tut tingi basdırılmışdır. Hazırda bu iş davam etdirilir.

Ölkə rəhbərinin fındıq istehsalı və onun inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr də rayonda uğurla həyata keçirilir. Bu məqsədlə bir neçə ildir ki, ehtiyat mənbələri, mövcud imkanlar nəzərdən keçirilərək genişmiqyaslı işlərə başlanılmış, nəticədə rayonda fındıq istehsalı ildən-ilə artmışdır. 2016-cı ildə rayonda 175 hektar sahədə fındıq bağı mövcud idisə, hazırda 224,1 hektar fındıq bağı vardır ki, onun da 136,3 hektarı barverəndir. Bu il həmin bağlardan 465 ton məhsul toplanmışdır.

Kənd təsərrüfatının digər sahələrində də artım qeydə alınmışdır. Məsələn, 31 hektar bostan sahəsindən 498,5 ton məhsul götürülmüş, hər hektarın məhsuldarlığı 160,8 sentnerə çatdırılmşdır. Tərəvəz sahələrindən də bol məhsul əldə edilmişdir. Başqa sözlə, 492,1 hektar tərəvəz sahəsindən 10331,7 ton, 1086 hektar kartof sahəsindən 27750 ton məhsul götürülmüşdür. Meyvəçilik sahəsində də göstəricilər ürəkaçandır.

Məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsədlə hər il rayon ərazisində olan suvarma arxları və kanallarının təmizlənməsinə ciddi nəzarət edilir. Bu il 261,19 kilometr arx və kanallarda təmizləmə işləri görülmüşdür. Gələn il bu rəqəmin xeyli çox olacağı gözlənilir. Hazırda payızlıq əkin sahələrinin vaxtında suvarılması, əkin sahələrinin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə arx və kanallar təmizlənır. Bu işdə ən çox üstünlük texnikalara verilir.

Ümumiyyətlə, aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri əvvəllər mövcud olan problemlərin aradan qaldırılması ilə bərabər, zəhmət adamlarının işgüzarlığına da zəmin yaradıb. İndi Qazax rayonunun kəndlərinə çəkilən müasir yollar, yaradılan infrastruktur imkan verir ki, kəndli istehsal etdiyi məhsulu rahat şəkildə başqa şəhərlərə aparıb sata bilsin. Məsələn, vaxtilə nəqliyyat vasitələrinin çətinliklə gedib-gəldiyi Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı, Yuxarı Salahlı, Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli və digər kəndlərə müasir yollar çəkilmiş, sakinlərin rahatlığı təmin edilmişdir. Bu yaxınlarda isə daha bir yolun - Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərini birləşdirən yola yeni asfalt yolun çəkilişinə başlanılmışdır.

Qazaxda sakinlərin sosial-məişət qayğılarının həlli istiqamətində yerlərdə keçirilən görüşlərdə qaldırdıqları məsələlərə diqqətlə yanaşılmaqla yanaşı, onların həllinə də səy göstərilir. Məsələn, görüşlərdən birində sakinlər yaşadıqları çoxmənzilli binaların təmirini, həyətlərdə xeyir-şər binalarının tikilməsinə kömək göstərilməsini xahiş edirdilər. Bu istək nəzərə alınmış, təmiri başa çatdırılmış binaların həyətyanı sahələrində xeyir-şər binalarının inşasına başlanılmışdır.

Yeri gəlmişkən, keçən il rayonda 78 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılmışdır. Bu il isə 83 binanı təmir etmək qərara alınmışdır.

Rayonda diqqətdə saxlanan sahələrdən biri də əhalinin can sağlığının qorunmasıdır. Bu məqsədlə tikilən mərkəzi rayon xəstəxanasının yeni binasında son tamamlama işləri görülür.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzeti

7 dekabr 2018-ci il



Facebook-da paylaş