Sərhəd kəndlərində həyat axarınca gedir
Ermənistanla həmsərhəd olan
Qazax rayonunun sərhəd kəndlərində bu gün də gərginlik səngimir. Lakin sakinlər
buna alışdıqları üçün narahatlıq keçirmir, gündəlik məişət qayğıları ilə
yaşayırlar. Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova sərhəd kəndlərinə getmək istəyimizi bildirəndə dedi ki,
bu yaxınlarda Məzəm və Quşçu Ayrım kəndlərində olan 95 evin qarşısına istinad
divarı çəkdirmişik. Əvvəllər sakinlər gərginlik içərisində yaşayırdılar. Onlar
nəinki otlaq sahələrinə, əkin yerlərinə çıxa bilir, hətta evlərində rahat
yaşaya bilmirdilər. Bu günlərdə həmin kəndlərə yenə baş çəkdik, əhali ilə
görüşüb söhbət etdik. Hamı ölkə rəhbərinə minnətdarlıq etdi. Dedilər ki, düşmən
gülləsi onları qorxuda bilməz. ...Rayon mərkəzindən 28
kilometr məsafədə yerləşən Məzəm və Quşçu Ayrım kəndləri düşmənin beş
addımlığındadır. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində
sərhəd kəndlərinə gedən yol yenidən qurulmuş, yol boyu yaşayış məntəqələrinin
ünvanı olan lövhələr vurulmuş, su keçidlərində kiçik körpülər salınmış,
işıqlandırma qurğuları quraşdırılmışdır. Bələdçimiz, Rayon İcra Hakimiyyətinin
məsul işçisi Sərdar Orucov yolda ərazini göstərərək dedi ki, sol tərəfdə
gördüyünüz əkin sahələri ermənilərə, sağ tərəfdəki əkin sahələri
azərbaycanlılara məxsusdur. Lakin ermənilər bu ərazilərin əkilib-becərilməsində
istifadə olunan suyu azərbaycanlılara məxsus gölə buraxmadıqları üçün bizim
əhali torpaqlardan səmərəli istifadə edə bilmir. Məzəm kəndi ilə Quşçu Ayrım
kəndi eyni ərazi nümayəndəliyinə daxildir. Aralarında cəmi 9 kilometr məsafə
var. Məzəmin 370, Quşçu Ayrımın 1087 nəfər əhalisi var. Məzəm kəndi
Ermənistanla 11 kilometr, Quşçu Ayrım kəndi 9 kilometr həmsərhəddir. Hər iki
kənddə sakinlərin əsas məşğuliyyətləri əkinçilik və heyvandarlıqdır. Əkin
sahəsi 585 hektardır. Sakinlər hər il sahələrdən bol məhsul götürürlər. Keçən
il 170,1 ton taxıl götürmüş, hər hektardan məhsuldarlığı orta hesabla 36,2 sentnerə
çatdırmışlar. Bu ilin göstəriciləri də yüksək olub. 88 hektar sahədə buğda əkən
sakinlər orta hesabla hər hektardan 36,6 sentner buğda biçmişlər. Heyvandarlıq sahəsində də
uğurlu göstəricilərə nail olunmuşdur. Keçən il iribuynuzlu mal-qaranın baş sayı
790 olduğu halda, cari ildə bu rəqəm 800 başa çatdırılmışdır. Xırdabuynuzlu
heyvanların da baş sayında artım qeydə alınmışdır. İndi kəndlərdə 4970 baş
qoyun və keçi var. Bu da keçən illə müqayisədə 110 baş çoxdur. Kəndlərdə arıçılığa maraq
da artıb. Dövlət başçısının sərəncamına əsasən hər arı ailəsinə 10 manat
subsidiyanın verilməsindən ruhlanan kənd sakinləri arı ailələrinin sayını xeyli
çoxaldıblar. Biz kənddə olanda tam sakitlik idi. Məzəm
kəndinin mərkəzi hissəsindəki böyük çinar ağacının altında bir neçə kənd
ağsaqqalı oturub söhbət edirdi. Yaxınlaşıb salamlaşdıq. Bizə də oturmağa yer
göstərdilər. Söhbətə kənd ağsaqqalı Süleyman Süleymanov başladı. Dedi ki, bir
oğul, iki qız böyüdüb. Oğlu hərbçidir. Başqa yerdə xidmət etməsinə baxmayaraq,
ailəsi Məzəmdə yaşayır. Süleyman kişi də uzun illər kəndin müdafiəsində olub.
Ailəsi heç nədən korluq çəkmir. Qapısında mal-qarası, toyuq-cücəsi, xeyli arı
ailəsi var. Söhbət əsnasında "Allah Prezidentimizin
canına sağlıq versin, - dedi. - 1990-cı illəri bu günlə müqayisə edəndə çox
əmin-amanlıqdır. Ermənilər tez-tez kəndi atəşə tuturdular. Nəticədə uşaqlarımız
təhlükə ilə üzləşirdi. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
kəndimizə gəlib bizimlə görüş keçirəndə vəziyyəti danışdıq. Həm Məzəmi, həm də
Quşçu Ayrım kəndini gəzib istinad divarı çəkilməsinə ehtiyac duyulan evlərin
siyahısını hazırlatdı. Bir neçə ay ərzində 95 evin qarşısında hündürlüyü 3
metrə yaxın olan müdafiə divarı çəkildi. Kəndlərdəki sosial binaların - məktəb,
tibb və polis məntəqələrinin, poçt binasının da təhlükəsizliyi təmin edildi.
İndi çox rahatıq. Gündəlik həyatımızla məşğuluq. Dolanışığımız da pis deyil.
Rayon rəhbərliyi tez-tez kəndə baş çəkir. Bu günlərdə kəndə gələndə icra
başçısından əkin sahələrinin suvarılması üçün yaranan su probleminin həllini
xahiş etdik. Çox çəkmədi ki, bir qrup mütəxəssis gəlib məsələni araşdırdı.
Məlum oldu ki, Məzəm gölündən su çəkən nasos sıradan çıxıb. Problem qısa vaxtda
həll edildi. Kəndə elektrik enerjisinin dayanıqlı olması üçün hazırda SİB kabel
xətti çəkilir”. Quşçu Ayrım kəndində də sakinlər dövlət səviyyəsində onlara göstərilən
hərtərəfli qayğıdan razılıq etdilər. Kəndin işıq, qaz, su, yol sarıdan problemi
yoxdur. Kənd məktəbi üçün müasir bina da inşa edilib. Məktəbin direktoru
Cəbrail Osmanov dedi ki, gözəl məktəb binası tikilib. Tədrisin keyfiyyətlə
aparılması üçün bütün şəraitimiz var. Bu yaxınlarda müəllim və şagirdlərin
təhlükəsizliyi üçün məktəbin qarşısına istinad divarı çəkilib. Məzəm kəndinin sakini Bəhruz Süleymanov 18 il polisdə xidmət edib. Xidmət
dövrünün çox hissəsi Məzəm kəndinin müdafiəsində keçib. Torpaqlarımızın
toxunulmazlığı uğrunda gedən müharibədə qardaşı Şahin Süleymanov şəhid olub.
Həmin dövrdə Azərbaycan Ordusunda topçu olub. Onun şücaətindən indi də
danışırlar. Bəhruz Süleymanovun 8 baş mal-qarası, 12 arı ailəsi var. Keçən il 100
kiloqramdan çox bal götürüb. Deyir ki, balın keyfiyyəti yüksək olduğundan
qapıda satılır. Bundan başqa, 30 sota yaxın meyvə bağı var. Hər il olduğu kimi,
bu il də bağdan xeyli gəlir əldə etmişdir. Kənddə ən çox arı saxlayan sakinlərdən biri də Məmməd Əliyevdir. Onun
həyətində 32 arı ailəsi var. Arıçılığın inkişafına göstərilən dəstəkdən
ruhlanan Məmməd arı yeşiklərinin sayını artırmaq fikrindədir. Kənd sakini Muxtar Məmmədovla isə otlaq sahəsində rastlaşdıq. Çoxlu sayda
mal-qara, qoyun-quzu otaran Muxtar dedi ki, bunlar kənd camaatınındır. Növbə
ilə otarırıq. Sürüdə özünün iki inəyi və 10 qoyunu var. İnşaatçıdır, kənd
sakinləri müraciət edəndə hörgü və suvaq işləri də görür. Beləcə, Qazaxın sərhəd kəndlərində insanlar gündəlik iş-gücləri ilə məşğul
olur, həyat öz axarınca gedir. Sabir ƏLİYEV, "Azərbaycan” qəzeti 26 oktyabr 2018-ci il
RESPUBLİKA
MƏTBUATI QAZAX HAQQINDA
Facebook-da paylaş