• Təqvim

  • Unutma

  • Maraq



Qazax: Aqrar sahədə yeni hədəflərə doğru

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA

Qazax: Aqrar sahədə yeni hədəflərə doğru
Qazax rayonu son iki il ərzində bütün sahələrdə inanılmaz nailiyyətlər əldə edir. Rayonda irimiqyaslı infrastruktur layihələrinin icrası ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində də şəffaf və münbit şərait yaradılmışdır. Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı bir sıra qərar və sərəncamlara əsasən aqrar sahədə gəlirli sahə sayılan tütünçülük, taxılçılıq, baramaçılıq, pambıqçılıq və digər sahələrdə çalışanlara dövlət tərəfindən subsidiyaların verilməsi, maddi-texniki bazanın gücləndirilməsi ölkənin hər yerində olduğu kimi Qazaxda da yüksək məhsuldarlığın əldə olunmasına stimul vermişdir.
Əkinçiliyin hazırkı durumu ilə tanış olmaq üçün rayonun bəzi yaşayış məntəqələrinə baş çəkdik. Doğrusu gördüyümüz mənzərə bizi heyrətə gətirdi. Bir neçə il bundan əvvəlki vəziyyətdən əsər-əlamət qalmamışdı. Belə ki, əvvəllər əkin aparılmamış torpaq sahələrində indi müxtəlif növ kənd təsərrüfatı bitkilərinin yüksək aqrotexniki qaydada becərilməsinin şahidi olduq.
Cəbhə bölgəsində yerləşən Fərəhli kəndinin sakini Qarabağ əlili Nəbiyev Bəhram Şəkər oğlu bizə yaxınlaşaraq qeyd etdi ki, təxminən 2 il bundan öncə rayonumuza yeni təyin olunmuş RİH başçısı Rəcəb Babaşov kənd sakinləri ilə görüşə gəlmişdi. Sakinlər bir neçə sahədə, o cümlədən, əkinçiliklə bağlı problemlərini səsləndirdilər. Həmin vaxt rayon rəhbəri cəsarətlə bildirdi ki, Qazaxda əkinə yararlı torpaqların 100%-in əkin dövriyyəsinə qayıtması üçün bütün maneələr aradan qaldırılacaqdır. Sakinlərin hamısı icra başçısının verdiyi sözü birmənalı qarşılamadı. Çünki suvarma suyunun olmaması və başqa səbəblər bu torpaqların boş qalmasına səbəb olmuşdu. Lakin, Rəcəb Babaşov elə yerindəcə aidiyyəti təşkilatlara dərhal ciddi tapşırıqlar verdi. Qısa müddət ərzində suvarma suyu ilə bağlı yaranan bütün neqativ hallar aradan qaldırıldı. Məhz bunun nəticəsidir ki, Qazaxda əkinçilikdə məhsuldarlıq ildən-ilə artan dinamika ilə inkişaf edir.
Məlumdur ki, dövlət başçısının tapşırığına əsasən yüksək məhsuldarlığın əldə olunması, ərzaq təhlükəsizliyinin təmin olunması və rəqabətə davamlı ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı üçün respublikada aqroparklar tikilərək istifadəyə verilir. Qazax rayonu da ölkə başçısının bu tapşırığından yararlanmışdır.
Qazax: Aqrar sahədə yeni hədəflərə doğru
Rayonda aqroparkın durumu ilə bağlı layihənin rəhbəri İlkin Əliyevə müraciət etdik. İlkin Əliyev bildirdi ki, artıq aqroparkda son tamamlanma işləri aparılır. Aqroparkın mülkiyyətində 875 ha torpaq vardır. Bundan 131 ha icarəyə götürülmüşdür. Müəssisəyə 13,2 km uzunluğunda elektrik hava xətti çəkilmişdir. 1 ədəd 1000 kva, 2 ədəd 630 kva, 1 ədəd 63 kva transformatorlar quraşdırılmışdır. 2-ci və 3-cü pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos stansiyasında 3 ədəd (biri ehtiyatda olmaq şərti ilə) 630 kva nasos quraşdırılmışdır. Layihə rəhbəri bildirdi ki, müəssisənin su təminatı etibarlı mənbədən həyata keçirilir. Xram çayı sahilində birinci pillə irihəcmli nasos stansiyası və suqəbuledici inşa edilmiş, o cümlədən çayın kənarında ərazi boyu sahil bərkitmə işləri həyata keçirilmişdir. Sahillərdə isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilmişdir. Eyni zamanda, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə nasos stansiyaları yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton örtüklü 2 ədəd su anbarı inşa edilmiş və ətrafı qorunmağa alınmışdır. Torpaq sahələrinin suvarılması məqsədilə uzunluğu 13,5 km olan 520 mm-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci, və 3-cü, pillə nasos stansiyalar arasında basqılı boru kəməri çəkilmişdir.
Sahədaxili suvarma məqsədilə uzunluğu 18 km olan 315 mm-lik polietilen borularla yeraltı suvarma xətləri çəkilmişdir. Aqroparkın daxilində sahəsi 1600 kvadratmetr olan quru anbar inşa olunmuşdur. Tutumu 2670 ton olan çoxfunksiyalı soyuducu anbar inşa edilmişdir ki, bu da məhsulun itkisiz və keyfiyyətli saxlanmasına zəmin yaradır. Bundan başqa, müəssisədə sahəsi 463 kvadratmetr olan 2 mərtəbəli inzibati idarəetmə ofis binası inşa olunmuşdur. Texnikaların təmiri və saxlanması üçün sahəsi 608 kvadratmetr olan talvar quraşdırılmışdır. Bunlarla yanaşı ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, qurğular tikilib istismara verilmişdir.
Cari ildə Aqroparkda 200 ha kartof, 200 ha qarğıdalı, 200 ha noxud və 400 ha arpa və buğda əkilmişdir. Hazırda müəssisədə taxıl biçininin qızğın çağıdır. Layihə rəhbəri İlkin Əliyev qeyd etdi ki, şirkət "Aqrolizinq” ASC-dən güzəştli şəkildə 3 lizinq müqaviləsi ilə 41 adda müasir və ən son texnologiyalarla təchiz olunmuş kənd təsərrüfatı texnikaları və ümumiyyətlə kənd təsərrüfatında istehsal olunan bütün maşın mexanizmləri alınaraq gətirmişdir. O, vurğuladı ki, "İnvestel GROUP” MMC tərəfindən görüləcək işlər sona çatdıqdan sonra 120 nəfər daimi, 200-250 nəfər isə mövsümi işlə təmin olacaqdır.
Qazaxda baramaçılıqda sevindirici nəticələr əldə olunur. 2016-cı ildə kümçülərə 30 qutu barama qurdu paylanmış və 1502 kq məhsul əldə olunmuşdur. 2017-ci ildə 100 qutu barama bəslənmiş, 4632 kq məhsul əldə olunmuş, 2018-ci ildə 130 qutu bəslənmiş, kümçülər 6260 kq məhsul əldə etmişlər. Barama istehsalında ən yüksək nəticə Yuxarı Salahlı kəndində 536 kq məhsul əldə edilmişdir. İstehsal olunan məhsul "Şəki-İpək” ASC-yə satılmışdır. Əhalinin baramaçılığa olan marağı ildən ilə artır.
Çünki hazır məhsulun satış qiyməti və dövlət tərəfindən verilən subsidiya sərfəlidir. Belə ki, qısa müddət ərzində az əməklə daha çox qazanc əldə edirlər. Qeyd etmək lazımdır ki, baramaçılığın yem bazasının yaradılması üçün rayon ərzisində kifayət qədər çəkil tingləri basdırılmış və onlara yüksək aqrotexniki qulluq göstərilir.
Rayonda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində atılan addımlar da ürəkaçandır. Müqayisə üçün bildirək ki, 2016-cı ildə 10 ha sahədə tütün becərilmiş və cəmi 15,63 ton olmaqla hər hektardan 15,6 sentner məhsul əldə olunmuş, 2017-ci ildə 50 ha sahədən 80,2 ton hər hektardan 16 sentner məhsul yığılmışdır. Cari ildə tütün sahəsi genişləndirilərək 60 hektara çatdırılmışdır. Mütəxəssislərin rəyinə görə havanın əlverişli keçməsi və aparılan düzgün aqrotexniki qulluq bol məhsuldan xəbər verir. Göründüyü kimi aqrar sahənin inkişafı həm məhsul bolluğu yaradır, həm də insanların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Qazaxda işsizliyin səviyyəsi demək olar ki, minimuma endirilmişdir.
Qazax rayonunda bağçılığın inkişaf etdirilməsi üçün bütün zəruri tədbirlər görülür. Son illərdə xarici ölkələrə valyuta müqabilində satılan fındıq bağlarının sahəsi ildən-ilə genişləndirilir. Hazırda rayonda 224,1 ha fındıq bağı mövcuddur. Bundan 48,9 ha yeni salınmışdır. Ötən il hər hektardan 4600 sentner yüksək keyfiyyətli rəqabətə davamlı məhsul əldə olunmuşdur. Əldə olunan məhsulun çox hissəsi "Made in Azerbaijan” brendi ilə ölkədən ixrac edilmişdir.
Qazaxlılar innovativ metodlardan istifadə etməklə aqrar sahədə yüksək məhsuldarlıq əldə etməyi hədəf seçmişlər.

Vəli VƏLİYEV,
"Respublika” qəzeti
3 iyul 2018-ci il


Facebook-da paylaş