Əsas Səhifə > Mədəniyyət > 20 Yanvar: Müstəqillik yolunda tarixə qanla yazılmış qəhrəmanlıq salnaməsi

20 Yanvar: Müstəqillik yolunda tarixə qanla yazılmış qəhrəmanlıq salnaməsi


16-01-2020, 21:24


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin və İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu  ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İlk olaraq 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar hadisələrini özündə əks etdirən film nümayiş olunub.


 

Mərkəzin direktoru Ceyhunə Hüseynova  tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən 30 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri dinc əhaliyə divan tutmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itgin düşmüşdür. Hökumət tərəfindən fövqəladə vəziyyət elan edilsə də bu haqda məlumat insanlara yalnız səhərisi gün bildirilmiş və buna qədər artıq 90-a yaxın insan amansızcasına qətlə yetirilmişdir. Həmin gecə Bakıda və respublikanın rayonlarında qanunsuz yeridilmiş qoşunlar tərəfindən 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200 ev və mənzil, 80 avtomaşın, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Qabaqcadan düşünülüb hazırlanmış bu terror aktı Azərbaycan xalqının demokratiya və azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşımışdır.

 

C.Hüseynova qeyd edib ki, 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı.

Məktəbin direktor əvəzi Nailə Əfəndiyeva, tədris işləri üzrə direktor müavini Süleyman Həsənov, tarix müəllimi Ruslan Rzayev, UBTR-i Günay Əsgərova və Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Səmədova çıxış edərək 20 Yanvar faciəsi haqqında öz fikirlərini bildiriblər. Qanlı Yanvar faciəsinin Azərbaycanın azadlıq mübarizəsi tarixində, müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu, bu gün 1990-cı ilin 20 Yanvarından 30 il ötsə belə xalqımızın həmin günü böyük ehtiramla yad etdiyini diqqətə çatdırıblar.

Sonra söz məktəblilərə verilib. Şagirdlərdən Ləman Novruzlu, Yusif Rəhimli, Süneyya Əlizadə, Renat Muradov, Röya Kərimova, Vahid Məmmədov, Nazim Şaqumov 20 Yanvar faciəsinə və faciə qurbanlarına həsr olunmuş şeirlər söyləyiblər. Məktəbli Türkan Rəhimova və tədris işləri üzrə direktor müavini Süleyman Həsənov "20 Yanvar” adlı kompozisiya nümayiş etdiriblər.


 








 

GOYEZEN.AZ


Geri qayıt