Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Bir kərə yüksələn bayraq, bir daha enməz” başlığı altında növbəti bayram tədbiri keçirilib

Qazaxda “Bir kərə yüksələn bayraq, bir daha enməz” başlığı altında növbəti bayram tədbiri keçirilib


7-11-2019, 12:30

 

9 Noyabr – Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur. Növbəti bayram tədbiri noyabrın 6-da Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında Mədəniyyət Mərkəzinin, şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş "Bir kərə yüksələn bayraq, bir daha enməz!” başlığı altında keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, mədəniyyət işçiləri və rayon sakinləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Azərbaycan Bayrağının tarixindən, keçdiyi şanlı inkişaf yolundan, üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşında yüksək vətəndaşlıq duyğuları aşılamasından danışıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov da çıxış edərək tədbir iştirakçılarına Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi təbriklərini və xoş arzularını çatdırıb. Müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağın qürur yerimiz olduğunu bildirib.  

Sonra tədbir konsert proqramı ilə davam etdirilib. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyevin rəhbərlik etdiyi "Göyəzən” instrumental ansamblının ifasında səslənən Azərbaycana və Azərbaycan Bayrağına həsr olunmuş mahnılar tamaşaçılarda xoş ovqat yaradıb. Hər bir ifalar, o cümlədən Xaqan Qurbanovun, Günay Məmmədovanın, Vaqif Hacalıyevin, Türkan Rəhimovanın, Mədəniyyət Mərkəzinin "Qönçə” rəqs qrupunun ifasında olan musiqi nömrələri və 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin hazırladıqları "Bayraq” rəqsi tədbirə toplaşanların zövqünü oxşayıb.

Tədbirdə müxtəlif başlıqlı kitab sərgiləri də nümayiş olunub.






 










 





 

 

GOYEZEN.AZ


Geri qayıt