Əsas Səhifə > Mədəniyyət > “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”


4-10-2019, 18:53


Azərbaycanın müstəqil dövlət quruculuğunun banisi Ümummilli Lider Heydər Əliyevin həyat və ictimai-siyasi  fəaliyyətini , onun dövlətçilik fəlsəfəsini gənc nəsillərə çatdırmaq məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzi "Heydər Əliyev Məktəbi” layihəsi çərçivəsində rayonun kənd məktəblərinin yuxarı sinif şagirdləri üçün mühazirələr oxunmasını davam etdirir.

Növbəti dərs 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin IX sinif şagirdləri üçün təşkil edilib.

İlk olaraq Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva Ulu Öndərin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat verib.

 

Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova Beynəlxalq Müəllimlər Gününün tarixindən və Heydər Əliyevin müəllimlik peşəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Bildirib ki, Heydər Əliyevin müəllimlik peşəsinə həssaslıqla yanaşması heç də təsadüfi deyildir. Çünki Onun ilk peşə ixtisası da, ilk vəzifə təyinatı da məhz müəllimlik olmuşdur. O, Azərbaycanda ona təklif edilən müxtəlif fəxri adlardan yalnız "Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul etmişdir. Ümummilli Liderimiz müəllimlər haqqında çox dəyərli fikirlər söyləmişdir. Lakin O, hər zaman deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”.

Daha sonra məktəbin direktoru Mahirə Abbasova çıxış edərək bildirib ki,  hər zaman təhsilə və təhsil işçilərinə dövlətimiz və ölkə başçımız tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu gün Azərbaycan təhsili hərtərəfli yüksəlişə, tərəqqiyə, maddi-texniki cəhətdən inkişafa, dünya standartlarına uyğun müasir təhsil sisteminə məhz Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində gəlib çatıb. Və bu siyasət bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir.


 

GOYEZEN.AZ


Geri qayıt