Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Zəmanəmizin Böyük Azərbaycanlısı” adlı XI ənənəvi Kitab bayramı keçirilib

Qazaxda “Zəmanəmizin Böyük Azərbaycanlısı” adlı XI ənənəvi Kitab bayramı keçirilib


7-05-2019, 16:00

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş "Zəmanəmizin Böyük Azərbaycanlısı” adlı XI ənənəvi Kitab bayramı keçirib.

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, məsləhətçi Bəhruz Bayramov, mətbuat katibi Xəyal Nağıyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, MİHİ-nin Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının üzvləri - şairlərdən  Bilal Qoca, Tamella Poladlı, Asimə Hüseyn, Gülsənəm Cəlili, Kazım Kazımlı, şəhər məktəblərinin müəllim və şagirdləri, fəal oxucular, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

MKS-in direktoru Solmaz Babanlı tədbiri giriş sözü ilə açaraq təməli dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun siyasi kursunun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti ilə davam etdirilən müstəqil Azərbaycanın dünyanın inkişaf edən ölkələri sırasında inamla irəlilədiyini qeyd edib.  

Sonra tədbirdə nümayiş olunan bir-birindən rəngarəng kompozisiyalar iştirakçılar tərəfindən maraqla izlənilib. F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin müəllimi Vüsalə Əhmədovanın rəhbərliyi ilə III sinif şagirdlərinin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı musiqili kompozisiyası, Mədəniyyət Mərkəzinin "Qönçə” rəqs qrupunun kiçik fidanı Zəhra Abdullayevanın "Turacı”, Aysu Hacıyevanın "Vağzalı-Mirzeyi” rəqsləri, məktəblilərdən Bəturə və Elbəy Mustafayevlərin, Əsmər Hüseynovanın, Nərmin Tatlıyevanın, Əsgər Əsgərovun və başqalarının söylədikləri ulu öndərə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb.

Kitab bayramında təqdimatı keçirilən şairlərdən Tamella Poladlının "Qəlbimdə yaşayır o dağlar mənim”, Kazım Kazımlının "Şair eldən ayrılmasın” adlı kitabları Mərkəzi Kitabxanaya hədiyyə  edilib.

Tədbir zamanı ulu öndərə həsr olunmuş "Qürurumuzsan... Sərvətimizsən”, "Azərbaycan tarixi və mədəniyyəti”, "Vətən torpağı bizi səsləyir”, "Qarabağın baş tacı: Şuşa”, "Laçının min illik yadigarları”, "2019 - İmadəddin Nəsimi ili”, "Əsrlərə sığmayan şair”, "Qədim Ozan yurdu Qazaxa gəlin!”, "Təmiz vicdan və mənəviyyatı bütöv Şəxsiyyət - İsmayıl Şıxlı”, "Cəlil Məmmədquluzadə - 150” və s. başlıqlı sərgilərdə nümayiş olunan materiallar iştirakçıların böyük marağına səbəb olub.

Rəngarəng mahnı və rəqslərlə davam etdirilən tədbir şən ovqatla sona çatıb.









GOYEZEN.AZ


Geri qayıt