Əsas Səhifə > Mədəniyyət > Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Açıq qapı” günləri başa çatıb

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Açıq qapı” günləri başa çatıb


11-12-2018, 19:20


Xəbər verdiyimiz kimi Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 3-dən etibarən "Açıq qapı” günləri elan olunmuşdu. 

"Açıq qapı” günlərinin təşkil edilməsində əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.

Bu məqsədlə 3-12 dekabr tarixlərində rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər. 

Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgi ilə tanış olublar. Dahi rəhbərə həsr olunmuş mühazirələr dinləyib, filmlərə baxıblar.

Dinlənilən mühazirələrdə bildirilib ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir. Bu gün həmin ideyaların ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bir daha onu sübut edir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir.

"Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Qazax Müalicə Diaqnostika Mərkəzinin, rayon bələdiyyəsinin, "Azərsığorta” Dövlət şirkəti Qazax filialının, rayon həmkarlar ittifaqlarının kollektivləri, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı və E.Cəfərov adına Çaylı kənd 2 saylı tam orta məktəblərin müəllim və şagirdləri olublar. Ümumilikdə 260 nəfər adam ulu öndərə olan ehtiramını bildirib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, bu gün "Açıq qapı” günlərinin sona yetməsinə baxmayaraq ulu öndərin abidəsinə ziyarət davam edib. Bildirib ki, "Açıq qapı” günləri başlayan ilk andan bu günə kimi dörd minə yaxın insan ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini yad edib.












Geri qayıt