Əsas Səhifə > Mədəniyyət > İbrahim İlyaslının 55 yaşnda yeni kitabı da təqdim olundu

İbrahim İlyaslının 55 yaşnda yeni kitabı da təqdim olundu


8-10-2018, 10:46


Oktyabrın 6-da Atatürk Mərkəzində "Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi İbrahim İlyaslının 55 illiyinə həsr olunmuş tədbir və yenicə çapdan çıxmış "Şair olmaq zülümdü” kitabının imza törəni keçirilib.

Şairin çoxsaylı oxucularının, qonaqların və qələm adamlarının iştirak etdiyi tədbiri Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, akademik Nizami Cəfərov açaraq, İbrahim İlyaslının keçdiyi həyat yolundan söz açıb. Onu, müasir Azərbaycan şeirində öz dəsti-xətti olan bir şair kimi səciyyələndirən N.Cəfərov şairin yaradıcılıq məziyyətlərindən bəhs edib.

Tədbirin aparıcısı, professor Rüstəm Kamal öncə İbrahim İlyaslı şeirinin poetik xüsusiyyətlərindən danışaraq onun doğulub boya-başa çatdığı Qazaxın İncə dərəsində yetişən qələm adamlarının yaradıcılığı barədə ətraflı söhbət açıb. R.Kamal İbrahim İlyaslını təkcə gözəl şair kimi deyil, həm də maraqlı publisist, tərcüməçi və redaktor kimi səciyyələndirib. 

Fəlsəfə doktoru, dosent Yusif Alıyev, qurum yetkilisi olaraq "Qazax Xeyriyyə” İctimai Birliyi adından çıxış edərək birliyin sədri, professor İlham Pirməmmədovun adından İbrahim İlyaslını təbrik edib, yeni sənət uğurları arzulayıb.

Azərbaycanın Gürcüstandakı keçmiş səfiri, tanınmış ziyalı Hacan Hacısoy, şairə Fərqanə Mehdiyeva İbrahim İlyaslıya xoş sözlərini yetirərək ona həsr etdikləri şeirlərini oxuyublar.

BDU-nun professoru Nəsir Əhmədli, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov,  fəlsəfə doktoru, şairə Adilə Nəzər, M.Kaşqari fondunun rəhbəri, şair Elxan Zal Qaraxanlı, DGTYB-nin yaradıcısı şair Əkbər Qoşalı, fəlsəfə doktoru, yazıçı Natəvan Dəmirçioğlu, jurnalist Aida Eyvazlı, tədqiqatçı-şair Hafiz Rüstəm, Qazaxın Kəmərli kəndində yaşayan şair Mübariz Qaragözlü, şair Mikayıl Bozalanlı, rəssam Nəvai Metin, şair Rəfail İncəyurd çıxış edərək İbrahim İlyaslını yubileyi münasibətilə təbrik edib, ürək sözlərini dilə gətiriblər.

Tədbirdə aşıq Şaiq İncəli və Şəhriyar Qaraxanlı saz havaları üstdə şairin şeirlərini oxuyublar.

Tədbirin sonunda söz alan şair İbrahim İlyaslı göstərilən diqqət və qayğı üçün "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov başda olmaqla birliyin fəallarına, Atataürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov başda olmaqla mərkəzin əməkdaşlarına və tədbirdə iştirak edənlərin hər birinə öz təşəkkürünü bildirib.
















GOYEZEN.AZ


Geri qayıt