Susdu “Qara saz”ım, “Kərəmi”m ağla » Göyəzən internet portalı


Susdu “Qara saz”ım, “Kərəmi”m ağla

Susdu “Qara saz”ım, “Kərəmi”m ağla
Görkəmli sənətkar, qədim aşıq sənətinin bilicisi, dünya şöhrətli saz ustadı, Əməkdar İncəsənət Xadimi Aşıq Ədalətin dünyasını dəyişməsi xəbəri saz sevərləri, qədirbilən Azərbaycan xalqını sarsıtdı. O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. Bağrına basıb dərdlərini dünyaya söylədiyi “Qara saz”ı da onu bu yoldan saxlaya bilmədi. Azərbaycanın ucqar bir rayonunda, Qazaxda gözünü dünyaya açan Aşıq Ədalət öz sənətinin qüdrəti ilə təkcə doğulduğu diyarın - Azərbaycanın deyil, bütün türk dünyasının ozanı titulunu qazandı.

Ədalət Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil etdi. Aşığın ifaları dünyanı heyran qoydu. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alındı. Aşıq Ədalətin “Yanıq Kərəmi”si qaçqınlı, didərginli ruhumuzun məlhəmi oldu. Atam deyərdi ki: “Ədalət fələklə əlləşdi, yeri-göyü bir-birinə qatdı, yenə! Mən ölsəm, bu çalğı məni həqiqi dirildər, bu səs-səda ayıldar ölüm yuxusundan, ayaq üstə qoyar ruhunu, geri qaytarar məni!”. Nə qədər sevgi qazandı bu çalğılarla Aşıq Ədalət? Şəhanə duruşu, qartal baxışı, ağayana ədaları ilə hafizələrə həkk elədi özünü.

Saz sənətinin padşahı idi Ədalət! Sazda ifası ilə çağlayan şəlaləni, qopan tufanı, guruldayan seli andırırdı! Tək bir sazla orkestr qədərində səs, dalğa yaradan, həqiqi tufan qoparan aşığın doğma siması inanmıram ölənə qədər gözlərim önündən gedə! Mən onun çalğısını təkcə qulağımla deyil, ruhumla, ürəyimlə, canım, qanım, bütün hissiyatımla dinləyirdim. O, çalanda heç nəyi eşitmir, görmürdüm, təkçə onu eşidirdim! Ərzrumun gədiyində borana düşən Kərəmi diri görürdüm, ruhum onu o fırtınadan qurtarmağa qoşurdu. Ucsuz-bucaqsız səhrada Leylisini axtaran Məcnunun dalınca qaçmaq istəyirdim, qartal kimi qanad taxıb Şah dağın, Savalanın başından uçmaq istəyirdim. Elə bilirdim ki, Tanrı məni görür?! Çünki bu çalğı Allahın yanına qaldırırdı adamı… “Paşa köçdü”sü, “Dilqəmi”si, “Baş Sarıtel”, ”Çoban bayatısı” (“Ağır şərili”) ilə qədim, çox qədim, dağdan ağır bir kədər dastanı danışırdı Aşıq Ədalət. Bəzən sazı sinəsinə sıxıb elə bil balası ölmüş analar kimi ağı deyirdi. Bağrına basdığı saz göynəyirdi, göynədirdi, yandırıb-yaxırdı bizləri.

O, həm də sazı bir elin bahadırı, cəngavəri etmişdi. Sazı tutmağı da qəribə idi. Bəzən elə bil siyirmə qılınc kimi tuturdu sazı əlində. Xalq şairi Səməd Vurğun onu dinləyəndə, çalğısını bəyənib deyirlər. Türk yazıçısı Əziz Nesin isə onun haqqında belə söyləyib: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”. Ona milyonların sevgisi var idi. Şairlər tərəfindən onlarla, yüzlərlə şeirlər həsr edilib çalğısına. Bu şeirlərin içində biri yadımdan çıxmır:

Çalar ana laylasını,
“Qara saz”ı dinlə, könül.
Tutar Kərəmin yasını,
“Qara saz”ı dinlə, könül…

Vurar mizrab, tökər qanı,
Tanı qüdrətini, tanı,
Aşıq Ədalət nişanı,
“Qara saz”ı dinlə, könül…

O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Paşa köçdü”, “Dilqəmi” və digər 72 saz havasının bənzərsiz ifaçısı idi. İnanmıram ki, bir də belə bir ifanı canlı kimdənsə eşidəm…

Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb. Aşıq 2017-ci il sentyabrın 14-də 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Özünün vəsiyyətinə əsasən sentyabrın 15-də Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub. Allah rəhmət eləsin!

Zərəngiz Dəmirçi Qayalı
AZƏRTAC-ın müxbiri



Facebook-da paylaş