Damcılıda 60 ildən sonra arxeoloji tədqiqatlar aparılıb » Göyəzən internet portalı


Damcılıda 60 ildən sonra arxeoloji tədqiqatlar aparılıb

Damcılıda 60 ildən sonra arxeoloji tədqiqatlar aparılıb
Azərbaycan ərazisində daş dövrü üzrə ilk dəfə arxeoloji tədqiqatlar 1953-cü ildə aparılmışdır. Həmin ilin payız ayında Rusiyadan dəvət olunmuş paleolit dövrü üzrə mütəxəssis S.N.Zamyatnin və yerli arxeoloq M.Hüseynov axtarışa çıxaraq Avey dağında Damcılı bulağı ətrafında kəşfiyyat xarakterli qazıntı işləri aparmışlar. Nəticəyə gəlmişlər ki, burada arxeoloji dövrlər, yəni orta paleolit, yuxarı paleolit, mezeolit və neolit qalıqları qarışıq halda olmuşdur. M.Hüseynov qeyd etmişdir ki, 1957-ci ilin yaz, payız aylarında apardığı qazıntıda arxeoloji dövrlərin materialları təxminən iki metr dərində gil təbəqəsinin üstündə qalmışdır. Həmin dövrdə bu ərazidə 2 minə yaxın alət tapılmışdır. Ümumiyyətlə isə 7 minə yaxın tullantı, nüvə qalıqları əldə olunmuşdur.

Damcılıda 60 ildən sonra arxeoloji tədqiqatlar aparılıb
2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. Bir həftəlik axtarışlardan sonra Avey dağında, Damcılı mağara düşərgəsinin ətrafında (Damcılı mağarası da daxil olmaqla) dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya hökuməti tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır.

Damcılıda 60 ildən sonra arxeoloji tədqiqatlar aparılıb
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyevanın verdiyi məlumata görə 2016-cı ilin avqustunda qoruğun ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılmışdır. Kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrlərinin son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan ərazisində bir neçə ildir tədqiqatlar aparan daş dövrü üzrə mütəxəssisləşmiş yaponiyalı professor Yoşihiro Nişiaki qoruq ərazisindən tapılan alətlərin Azərbaycanın digər ərazilərindən tapılan alətlərə nisbətən daha qədim olduğunu düşünür. İlkin arxeoloji qazıntıların nəticəsinə əsasən demək olar ki, Damcılıda elmə yararlı kifayət qədər materiallar əldə edilmişdir. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail olundu.

Növbəti ilin yayında tədqiqatlar daha geniş sahədə davam etdiriləcək. Gələn ilin arxeoloji tədqiqatlar zamanı Qazax rayonu ərazisində yerləşən ali təhsil ocaqlarının tələbələrinin, qoruq əməkdaşlarının və gənc mütəxəssislərin də bu tədqiqatlara cəlb olunması nəzərdə tutulur.


Facebook-da paylaş