• Təqvim

  • Unutma

  • Maraq



Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Xocalı soyqırımını unutma” adlı dəyirmi masa keçirilib


Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Xocalı faciəsinin 28-ci ildönümü silsilə anım tədbirləri qeyd olunur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli 9-21/18 nömrəli Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirləri təşkil edilir.

Bu gün Qazax Tarix-Diyarşünaslıq Muzeyində də Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma” adlı dəyirmi masa keçirilib.

Tədbirdə "N” saylı hərbi hissənin əsgər və zabit heyəti, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək Xocalı faciəsinin XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə dayandığını bildirib. Qeyd edib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov  və başqaları çıxış edərək ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşiliyin təkcə azərbaycanlılara deyil, insanlığa qarşı törədilən qatı cinayət olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Bu müdhiş soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Bildirilib ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Faciə ilə əlaqədar dəhşətli faktların məhz bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırıldığını qeyd ediblər. Planetin bütün guşələrində milyonlarla insanın erməni millətçilərinin əsl simasına bələd olmasında bu kampaniyanın böyük rolu olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda Xocalı soyqırımı haqqında filmə baxılıb, fikir mübadiləsi aparılıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş