• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə “Uşaqlarla sevinək” adlı bayram tədbiri keçirilib


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə məskunlaşmış Aşağı Əskipara kənd tam orta məktəbin birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə həmin məktəbin birinci sinif şagirdləri üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə "Uşaqlarla sevinək” adlı bayram tədbiri keçirilib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək körpə fidanları əlamətdar bayramlar münasibətilə təbrik edib, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən danışıb. Qeyd edib ki, XX yüzillikdə xalqa rəhbərlik kimi məsuliyyətli missiyanı üzərinə götürən Ulu Öndər bu işin öhdəsindən yüksək məharətlə, böyük əzm və şərəflə gəlmiş, öz xalqını bir bayraq altında birləşdirərək bütün dünyaya səpələnmiş azərbaycanlıları bir olmağa, həmrəy olmağa səsləyərək vahid bir xalq  kimi həmişə Vətənimiz Azərbaycan üçün çalışmağa çağırmışdır. Dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 1991-ci ilin 16 dekabrında  dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, beləliklə, bütün azərbaycanlılar üçün əziz olan bu gün bütün dünyada millətimizin və xalqımızın birlik, həmrəylik bayramı kimi qeyd edilir. Bu gün bu bayram dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur və ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar bir–biri ilə əlaqələr qurur, aralarında birlik və həmrəylik yaratmaqla doğma Azərbaycana töhfələr verirlər. O, Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən də yüksək səviyyədə təbliğ olunduğunu diqqətə çatdırıb. Bu gün bayram sevincini birlikdə bölüşmək məqsədilə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə fəaliyyət göstərən Aşağı Əskipara kənd tam orta məktəbində keçirilən bayram tədbirini Ümummilli Liderin miras qoyduğu ənənələrə sadiqliyin bariz nümunəsi kimi qeyd edib. Sonra birincilərdən Ömər Məmmədli, Fatma Alıyeva, Hüseyn Alıyev, Fazil Nəsibov, Elcan Mustafayev və başqalarının hazırladıqları şeirlər dinlənilib, onlarla birlikdə mahnılar oxunub. Tədbirdə MİHİ Qazax rayon Komitəsi tərəfindən uşaqlara bayram sovqatları təqdim edilib.

Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərminə Namazova və ibtidai sinif müəllimi Turanə Rüstəmova tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Bu cür tədbirlərin uşaqlarda böyük sevinc hissi yaratdığını qeyd ediblər.









GOYEZEN.AZ



Facebook-da paylaş