• Təqvim

  • Unutma

  • Maraq



Qazax Tarix-Diyarşünaslıq Muzeyində növbəti "Açıq dərs" keçirilib


Bu gün Qazax Tarix-Diyarşünaslıq Muzeyində Bakı Dövlət Universitetinin Qazax filialının riyaziyyat-informatika fakültəsinin I kurs tələbələrinin iştirakı ilə "Qazax xalçaları" mövzusunda "Açıq dərs" keçirilib.

Muzeyin direktoru Gülnaz Alişanova bildirib ki, Qazax şəhəri və ətraf kəndləri əsrlər boyu Azərbaycanın xalçaçılıq məktəblərindən biri olub. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilir. Hələ keçən əsrin əvvəlində burada yaşayan hər Azərbaycan ailəsi ildə 4-5 xalça toxuyardı. Cavan gəlinlərin özlərinə xalçalar toxuması isə buranın qədim el adəti idi. Orta əsrlərdə Qazax xalçaları Gəncə, Bərdə, Tiflis, bazarlarında geniş yayılmışdı. Bu xalçalar başqa xalçalardan öz möhkəmliyi ilə seçilirdilər. Orjinal çeşnisinə görə Qazax xalçaları xarici alıcıları da cəlb edirdi və hal-hazırda dünyanın bir çox tanınmış muzeylərində bu xalçalar öz layiqli yerini tutub. Məsələn, XIV əsr Qazax xalçası Berlinin incəsənət muzeyində, XVIII əsr xalçaları Nyu-Yorkun Metropoliten, Rusiyanın Sankt Peterburq şəhərindəki Ermitajda, Londonun Viktoriya və Albert muzeyində, Budapeştin incəsənət muzeyində və başqalarında nümayiş olunur. Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmişdir. Londonun Milli Qalereyasında saxlanılan italyan rəssamı Karlo Krivelonun "Müjdə" (1486), alman rəssamı Hans Holbeynin "Elçilər” (1533) əsərlərində bu xalçaların təsviri verilmişdir.

 

G.Alişanova Prezident İlham Əliyevin xalçaçılıq sənətinin inkişaf etdirilməsi, bu sahənin əvvəlki şöhrətinin bərpa olunması istiqamətində gördüyü məqsədyönlü işlərdən də söz açıb. Qeyd edib ki, dövlət başçısının 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə atılan uğurlu addımların bariz nümunəsidir. Vurğulayıb ki, bu gün tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olan xalçaçılıq sənəti respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da yaşadılır. Ölkə başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı Qazaxda da yüksək minnətdarlıq hissi ilə qarşılanır. Bu gün hər bir rayon sakini, xüsusilə də xalçaçılar şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça müəssisəsini onlara göstərilən qayğının nəticəsi kimi dəyərləndirirlər.
Muzeydə sərgilənən xalçaçılıq məmulatları - xalça, kilim, xurcun və heybənin toxunma texnologiyası, istifadə olunan əmək alətləri haqqında olan məlumatlar tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Sonda "Açıq dərs"dən məmnun qaldıqlarını söyləyən tələbələr muzeyin kollektivinə minnətdarlıqlarını bildiriblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş